Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır
Son illər Azərbaycan iqtisadiyyatında davamlı, sabit, sürətli, dinamik inkişaf təmayülü özünü qabarıq şəkildə göstərir. Ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb. Bu prosesə yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunması, qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına və ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlib.
Bu gün qeyri-neft sektorunun inkişafı dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində əsas amillərdən biridir. Prezident cənab İlham Əliyev prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflərdən biri iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi, bununla bağlı Dövlət Proqramları təsdiqləndi.
Cənab Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi ki, burada bu məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib.
Cənab Prezident İlham Əliyev qarşıdakı dövr üçün icrası nəzərdə tutulan “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın Azərbaycana vəd edəcəyi nailiyyətlərdən də geniş bəhs etdi. Bu sahə ölkə iqtisadiyyatı, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
