Cəza hüququnda prezumpisiya

Təqsirsizlik prezumpisiyasının hüquqi və insan hüquqları müstəvisində yeri
Faktum.az xəbər verir ki, demokratik hüquq dövlətinin və ədalət mühakiməsinin ən mühüm sütunlarından biri olan “Təqsirsizlik prezumpisiyası”, cəza hüququnda şəxsiyyətin azadlıq və toxunulmazlığının əsas təminatçısıdır.
Bu prinsipə əsasən, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, günahsız hesab olunur.
Roma hüququndan gələn və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilən bu universal qayda, sübutetmə vəzifəsini tamamilə ittiham tərəfinin (dövlətin/prokurorluğun) üzərinə qoyur. Eyni zamanda, təqsirsizlik prezumpisiyasından irəli gələn “In dubio pro reo” prinsipinə görə, iş üzrə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin lehınə şərh edilməlidir. Bu prinsip müttəhimin məhkəməyə qədər cəmiyyət və media tərəfindən cinayətkar kimi qələmə verilməsinin qarşısını alır və ixtiyari həbslərdən müdafiə mexanizmini formalaşdırır.
