Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur

Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur
Cənab Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.
Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır
Sentyabrın 20-si həm də 2023-cü ildə Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin başa çatdığı gündür. Məhz həmin gün Azərbaycan ərazilərində dövlət suverenliyinin bərpa edildiyi elan olundu. Bununla da uzun illər davam edən işğala son qoyuldu və Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin bərqərar olması üçün yeni mərhələ başladı.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanın qədim və tarixi torpaqlarının mühüm yaşayış məntəqələrindəndir. Bu şəhərlərin hər birinin xalqımızın tarixində xüsusi yeri var. Xocalı Azərbaycan xalqının yaddaşında 1992-ci ildə baş vermiş faciə ilə yanaşı, öz qədim tarixi və mədəni irsi ilə də mühüm yer tutur. Xocavənd ərazisində yerləşən qədim yaşayış məskənləri Azərbaycanın zəngin tarixinin mühüm nümunələrindəndir. Xankəndi isə Qarabağın ən böyük şəhərlərindən biri kimi bölgənin ictimai, mədəni və iqtisadi həyatında mühüm rol oynayıb. Ağdərə də Qarabağın tarixi və təbii baxımdan zəngin ərazilərindən biridir.
Bu gün həmin şəhərlərdə həyatın yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yeni yaşayış binaları, məktəblər, inzibati binalar, yollar və digər sosial obyektlər inşa olunur. Əsas məqsəd işğaldan əvvəl bu ərazilərdə yaşamış insanların doğma yurdlarına qayıdışını təmin etmək və şəhərlərin davamlı inkişafına nail olmaqdır.
Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması da bölgədə yeni həyatın qurulmasının mühüm göstəricilərindən biridir. Xocalı, Xocavənd və Ağdərədə aparılan tikinti və abadlıq işləri isə bu ərazilərin gələcək inkişafı üçün geniş imkanlar yaradır.
Sentyabrın 20-də qeyd olunan bu əlamətdar gün Azərbaycanın keçdiyi uzun və çətin yolun nəticəsini ifadə edir. Bu tarix həm torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, həm də azad edilmiş şəhərlərdə yeni həyatın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Artıq ikinci ildir qeyd olunan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixinin yeni səhifəsinin rəmzlərindən biri kimi yadda qalır. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin, insanların öz doğma torpaqlarına qayıdışının və Qarabağın gələcəyinə inamın ifadəsidir.
Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi
