Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir

Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edir
İki qardaş ölkə təkcə siyasi və mədəni əlaqələri deyil, həm də iqtisadi münasibətləri daha da möhkəmləndirmək istiqamətində mühüm addımlar atır. Bu əməkdaşlığın ən vacib nümunələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondudur.
Son qərara əsasən, Fondun maliyyə imkanlarının ikiqat artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması barədə razılıq əldə olunub. Bu qərar iki ölkənin iqtisadi əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Sadə dillə desək, investisiya fondu müxtəlif layihələrə maliyyə dəstəyi göstərən xüsusi maliyyə qurumudur. Fondun əsas məqsədi gəlir gətirəcək və iqtisadi inkişafı sürətləndirəcək layihələrə vəsait yatırmaqdır. Bu layihələrə aiddir; yeni zavod və fabriklərin tikilməsi, kənd təsərrüfatı layihələri, enerji və bərpa olunan enerji sahəsi, turizm obyektlərinin yaradılması, logistika və nəqliyyat infrastrukturu, kiçik və orta sahibkarlığın inkişafı.
Belə fondlar bank kimi fəaliyyət göstərmir. Onlar daha çox perspektivli layihələrə investisiya yatıraraq həmin layihələrin həyata keçirilməsinə kömək edir. İndiyədək Fondun maliyyə imkanları daha məhdud idi. İndi isə onun vəsaiti 200 milyon dollara qədər artırılır. Başqa sözlə, Fondun imkanları nə qədər böyük olarsa, iqtisadiyyata yönəldilən investisiyaların həcmi də bir o qədər artacaq.
Müasir dövrdə ölkələrin inkişafı yalnız dövlət büdcəsi hesabına mümkün deyil. Özəl investisiyalar, birgə fondlar və beynəlxalq əməkdaşlıq iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən hesab olunur. Azərbaycan və Qırğızıstanın bu addımı göstərir ki, tərəflər uzunmüddətli iqtisadi tərəfdaşlığa üstünlük verirlər. Fond vasitəsilə həyata keçiriləcək layihələr hər iki ölkənin iqtisadiyyatına fayda verəcək. Azərbaycan və Qırğızıstan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir.
Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının 200 milyon ABŞ dollarına qədər artırılması iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndiyini göstərən mühüm qərardır. Bu addım yeni investisiyaların cəlb olunmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi artımın sürətlənməsinə şərait yaradacaq.
Nailə Əliyeva – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri
