Azərbaycan Poeziyasının və Teatr Səhnəsinin Unudulmaz Səsi: Əminə Yusifqızı

24 sentyabr 1936-cı ildə Bakıda anadan olan Xalq artisti Əminə Yusifqızı, Azərbaycan teatr, kino və bədii qiraət sənətinin ən parlaq nümayəndələrindən biridir.
Faktum.az xəbər verir ki, özünəməxsus səs tembri, poetik hissi tamaşaçıya çatdırmaq bacarığı və səhnə mədəniyyəti ilə o, neçə-neçə nəslin mənəvi zövqünün formalaşmasında müstəsna rol oynamışdır.
Sənət yoluna gənc yaşlarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan aktrisa, daha sonra Akademik Milli Dram Teatrının səhnəsində mürəkkəb və yaddaqalan obrazlar silsiləsi yaratmışdır. 1974-cü ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini davam etdirərək “Şərikli çörək”, “Sən nə üçün susursan?”, “Bizim küçənin uşaqları” kimi məşhur filmlərdə çəkilmiş, yüzlərlə ekran əsərinin dublyajı və səsləndirilməsində yaxından iştirak etmişdir. Lakin Əminə Yusifqızını xalqın qəlbində əbədiləşdirən ən böyük xidməti onun bədii qiraət sahəsindəki fəaliyyətidir. Azərbaycan klassik və müasir poeziya nümunələrinə verdiyi ecazkar ruh və səs mənzərəsi sayəsində o, milli qiraət məktəbinin zirvələrindən birinə çevrilmişdir.
