Bu gün Şuşada Böyük Qayıdış Proqramı çərçivəsində sürətli yenidənqurma işləri həyata keçirilir

Bu gün Şuşada Böyük Qayıdış Proqramı çərçivəsində sürətli yenidənqurma işləri həyata keçirilir
Qarabağın tacı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, həmçinin Türk dünyasını bir araya gətirərək onların birliyinə şahidlik etdi. Bu məkanda ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media forumları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm platformaya çevrilib. Şuşadan verilən bəyanatlar, keçirilən beynəlxalq tədbirlər, bu və ya digər ölkələrin dövlət başçılarının bu şəhərdə qarşılanması, xarici qonaqların səfərləri Azərbaycanın regiondakı strateji gücünü və yeni geosiyasi reallıqları diktə edən tərəf, eyni zamanda, bu torpaqların əsl sahibi olduğunu bir daha təsdiqləyir.
Şəhər günləri keçmişimizlə bu günümüzün təcəssümüdür: “Bu günlər hər bir şəhərin tarixi irsini qoruyub saxlaması, eyni zamanda, müasir inkişafını, mədəniyyətini nümayiş etdirməsi baxımından böyük əhəmiyyət kəsb edir, həm də tarixi yaddaşı təzələyir. Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdılıb. Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün yüzlərlə tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. 2021-ci il 31 may tarixində qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb. Şuşanın azad edilməsi təkcə hərbi qələbə deyil, həm də milli ruhun, birliyin və mənəviyyatın böyük təntənəsidir. Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan, zəngin tarixi-mədəni irsi ilə seçilən Şuşa şəhəri dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa, həmçinin beynəlxalq miqyasda İslam dünyasının və Türk dünyasının mədəniyyət paytaxtı statuslarını qazanıb”. Bu gün Şuşada Böyük Qayıdış Proqramı çərçivəsində sürətli yenidənqurma işləri həyata keçirilir, şəhərin tarixi görkəmi bərpa olunur və doğma sakinləri öz evlərinə qayıdır.
Eltun Məmmədli – Zərdab şəhər sakini, fəal gənc
