Haqqımızda Reklam Əlaqə
160×600
160×600

”Vətəndaş hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir” – Komitə sədri

30 Oktyabr 2026, 10:25 Cəmiyyət
728×90

“Ərazi bütövlüyündən sonra yeni Ombudsmanın qarşısında fərqli tarixi vəzifələr dayanır. Gələcək müvəkkil öz fəaliyyətinə insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə başlayır. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya savaşları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyət yaradır. Artıq insan hüquqlarının pozulması fiziki zorakılıq, qanunsuz həbs və ya mülkiyyətə müdaxilə ilə məhdudlaşmır”.

Faktum.az   xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələnin müzakirəsi zamanı komitə sədri, deputat Zahid Oruc deyib.

“Fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, insanların şəxsi həyatına müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələrə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il iyunun 17-də Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciətində texnoloji tərəqqinin insan amilinə xidmət etməsinin dövlət siyasətimizin əsas prinsiplərindən biri olduğu xüsusi vurğulanıb. Dövlət başçısının müəyyən etdiyi prioritetlər gələcək Müvəkkilin qarşısında da konkret vəzifələr qoyur. Digər tərəfdən, biz insan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq və üsul-idarələrin yayılması, yaxud geosiyasi maraqların örtüyünə çevrildiyini Zəfərdən əvvəl və sonra yaxşı görürük. Ölkəmiz haqqında xaricdə səsləndirilən əsassız ittihamlara, selektiv yanaşmalara və insan hüquqları mövzusundan siyasi məqsədlərlə istifadəyə qarşı gələcək Ombudsmanın güclü mandatı var,  beynəlxalq məkanda diplomatik təmsilçi kimi prinsipial mövqeyi daha da güclənəcək. Eyni zamanda, obyektiv və əsaslı iradların araşdırılması, aşkar edilən hüquq pozuntularının aradan qaldırılması da prinsipiallığın ayrılmaz hissəsidir. İnsan hüquqlarının müdafiəsində ən güclü mövqe həqiqətə söykənən və öz daxilində də eyni prinsipləri tətbiq edən dövlətin mövqeyidir.

Gələcək yeddi ildə fəaliyyət göstərən Ombudsmanı seçərkən artıq formalaşmış təsisatı yeni şəraitə uyğun inkişaf etdirmək məsuliyyətini də bölüşürük. İndi qarşıda duran əsas vəzifə qalib vətəndaşlarımızın konstitusion hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət etməkdir. Gələcək müvəkkildən gözləntimiz peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır. O, dövlət orqanları ilə əməkdaşlığını daha da gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir. Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür. Qarşıdakı yeddiillik dövrün Müvəkkil institutun tarixində yeni yanaşmalar və tələblər səviyyəsində olduğunu hər birimiz qəbul edir, fərqli meyarları ilə yadda qalacağına inanırıq”, – deyə komitə sədri bildirib.

728×90
Paylaş: