Dermatoloq-estetik həkim: Günel Məmmədova: “Dermatologiya yalnız gözəllik deyil, insan sağlamlığını qorumaq və bəzən həyat xilas etmək məsuliyyətidir”

Dərinin sağlamlığı, təbii gözəlliyin qorunması və insanın özünəinamı bir-biri ilə sıx bağlıdır…
Müasir dermatologiya yalnız estetik görünüşün yaxşılaşdırılmasını deyil, dəri problemlərinin səbəblərinin araşdırılmasını, düzgün diaqnostikanı və daxili sağlamlığın qorunmasını da əhatə edir. Bu sahədə peşəkarlıqla yanaşı, tibbi etikaya sadiqlik və hər bir pasiyentə həssas yanaşma xüsusi əhəmiyyət kəsb edir.
Faktum.az-ın növbəti müsahibi 18 ilə yaxın təcrübəyə malik dermatoloq-estetik həkim Günel Məmmədovadır. Təbii gözəlliyə və tibbi əsaslandırmaya önəm verən həkimlə dermatologiyaya gedən yolu, peşə prinsiplərini, müasir estetik prosedurları və dəri sağlamlığının vacib məqamlarını söhbətləşdik.

— Günel xanım, necə oldu ki, məhz bu sahəni seçdiniz?
— Tibbi təhsilimə başladığım ilk illərdən insan dərisinin sağlamlıq vəziyyəti ilə daxili orqanların fəaliyyəti arasındakı əlaqə məndə böyük maraq oyadıb. Dermatologiyanın nə qədər geniş və məsuliyyətli bir sahə olduğunu zaman keçdikcə daha dərindən anladım. Bu ixtisas yalnız dəri xəstəliklərinin müalicəsindən ibarət deyil. Bəzən insanın öz görünüşü ilə bağlı yaşadığı narahatlıqları aradan qaldırmaq, özünəinamını bərpa etmək və həyat keyfiyyətini yüksəltmək də həkimin fəaliyyətinin mühüm hissəsinə çevrilir. Təhsilimi başa vurduqdan sonra akne və rozasea üzrə elmi işimi müdafiə etdim. Beləliklə, dermatovenerologiya ilə estetik kosmetologiyanı bir-birini tamamlayan istiqamətlər kimi inkişaf etdirməyə qərar verdim.
— Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
— 2008-ci ildə tibb təhsilimi tamamlayıb internaturanı keçdikdən sonra peşəkar fəaliyyətimə başlamışam. Artıq 18 ilə yakın müddətdir ki, dermatologiya və estetik kosmetologiya sahəsində çalışıram. Bu illər ərzində qazandığım təcrübə mənə hər pasiyentin fərqli olduğunu, eyni görünən dəri problemlərinin belə müxtəlif səbəblərdən qaynaqlana biləcəyini öyrədib. Buna görə də düzgün diaqnostika və fərdi yanaşma işimin əsasını təşkil edir.
— Öz sahəniz üzrə hansı xidmətləri göstərirsiniz?
— Fəaliyyətim həm müalicəvi dermatologiyanı, həm də estetik kosmetologiyanı əhatə edir. Dəri xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən akne, rozasea və müxtəlif dermatozlarla bağlı problemlərin araşdırılması əsas istiqamətlərdəndir. Estetik sahədə botulinoterapiya, dolğu prosedurları, biorevitalizasiya, mezoterapiya və PRP terapiyası üzrə fəaliyyət göstərirəm. Akne sonrası yaranan çapıqların müalicəsində subcision texnikasından, uyğun göstərişlər olduqda CO₂ lazer prosedurlarından, eləcə də dərinin mexaniki təmizlənməsi üsulundan istifadə edirəm. Lakin mənim üçün prosedurun çoxluğu deyil, onun pasiyent üçün nə dərəcədə uyğun olması vacibdir. Hər bir müdaxilə dərinin vəziyyəti, pasiyentin ehtiyacları və tibbi göstərişlər nəzərə alınmaqla planlaşdırılmalıdır.
— İş prinsipiniz nədən ibarətdir?
— Əsas prinsipim tibbin fundamental qaydalarından biri olan “Əvvəlcə zərər vurma” – Primum non nocere prinsipidir. Bununla yanaşı, təbii gözəlliyin qorunmasını və pasiyentin sağlamlığının hər zaman ön planda tutulmasını vacib sayıram. Hər kəsin dəri quruluşu, üz cizgiləri, ehtiyacları və gözləntiləri fərqlidir. Buna görə də pasiyentlərə fərdi yanaşıram, problemin səbəblərini dermatoloji baxımdan araşdırır və yalnız tibbi cəhətdən əsaslandırılmış müdaxilələri tövsiyə edirəm. Məncə, uğurlu nəticə yalnız xarici görünüşdəki dəyişikliklə deyil, həm də təhlükəsizlik, təbiilik və pasiyentin məmnunluğu ilə ölçülür.
— Bir həkim olaraq hansı hallara qəti şəkildə “yox” deyirsiniz?
— İlk növbədə, insanın təbii simasını dəyişdirən, üz cizgilərini həddindən artıq vurğulayan və süni görünüş yaradan prosedurlara qarşıyam. Həmçinin təhlükəsizliyi və keyfiyyəti təsdiqlənməmiş preparatların istifadəsini, tibbi göstəriş olmadan sırf dəbə uyğunlaşmaq üçün edilən müdaxilələri düzgün hesab etmirəm. Həkim olaraq pasiyentin istəyini dinləmək vacibdir, amma hər istəyin həyata keçirilməsi mütləq doğru seçim demək deyil. Bəzən peşəkar yanaşma pasiyentə istədiyi prosedurun onun üçün uyğun olmadığını izah etməkdən və daha təhlükəsiz alternativ təklif etməkdən ibarətdir.
— Son dövrlərdə pasiyentlər sizə daha çox hansı problemlərlə müraciət edirlər?
— Son zamanlarda akne, akne sonrası yaranan çapıqlar, rozasea, üzdə qızartı və damar şəbəkəsi, eləcə də dəri ləkələri ilə bağlı müraciətlər çoxdur. Bunlarla yanaşı, dərinin nəmləndirilməsi, teksturasının yaxşılaşdırılması və yaşlanma əlamətlərinin azaldılması məqsədilə estetik prosedurlara maraq göstərənlər də var. Biorevitalizasiya və CO₂ lazer kimi prosedurlar müəyyən göstərişlər olduqda müalicə planına daxil edilə bilər. Ancaq burada vacib məqam odur ki, hər prosedur hər dəri tipinə və hər problemə uyğun deyil. Məsələn, üzdə qızartı olan pasiyentə yanaşma ilə akne sonrası çapıqları olan pasiyentə yanaşma eyni ola bilməz. Əvvəlcə problemin səbəbi müəyyənləşdirilməli, daha sonra uyğun müalicə seçilməlidir.
— Sizi digər mütəxəssislərdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
— Mənim əsas yanaşmam estetik kosmetologiyanı dermatoloji biliklərdən ayrı təsəvvür etməməkdir. Xarici görünüşdə müşahidə olunan hər dəyişiklik yalnız estetik problem olmaya bilər. Bəzən onun arxasında müalicə tələb edən dermatoloji vəziyyət dayanır. Klinik təcrübəmə, elmi biliklərə, şəffaf ünsiyyətə və tibbi etikaya xüsusi önəm verirəm. Pasiyentə prosedurun imkanlarını olduğu kimi izah etmək, real gözləntilər formalaşdırmaq və mümkün risklər barədə məlumat vermək həkimin məsuliyyətidir. Məqsədim hər kəsə eyni görünüşü qazandırmaq deyil, hər bir insanın öz təbii xüsusiyyətlərini qoruyaraq daha sağlam dəriyə sahib olmasına kömək etməkdir.
— Peşənizdən kənarda Günel xanım necə insandır?
— Məsuliyyətli, səbirli, diqqətli və səmimi biriyəm. İnsanlarla münasibətlərdə qarşılıqlı etimada və hörmətə böyük əhəmiyyət verirəm. Pasiyentlərimlə ünsiyyətdə də bu prinsiplərə sadiq qalmağa çalışıram. Düşünürəm ki, həkimlə pasiyent arasında inam olduqda müalicə prosesi daha sağlam ünsiyyət və düzgün gözləntilər üzərində qurulur. Dürüstlük və səmimiyyət mənim üçün yalnız peşə prinsipi deyil, həm də həyat fəlsəfəmdir.
— Oxucularımıza sağlam dəri ilə bağlı hansı məsləhətləri vermək istərdiniz?
— İlk növbədə, dərinizə təsadüfi məsləhətlərə və sosial şəbəkələrdə yayılan trendlərə əsaslanaraq deyil, onun real ehtiyaclarını nəzərə alaraq qulluq edin. Dəri problemləri yarandıqda özbaşına müalicəyə başlamayın, uyğun mütəxəssisə müraciət edin. Dərinin sağlamlığında gündəlik qulluq, günəşdən qorunma, balanslı qidalanma və ümumi sağlamlıq vəziyyəti mühüm rol oynayır. Estetik prosedur etdirmək istəyirsinizsə, əvvəlcə bunun sizə həqiqətən lazım olub-olmadığını və sağlamlığınız baxımından uyğunluğunu qiymətləndirin. Unutmayaq ki, sağlam dəriyə sahib olmaq üçün mütləq çoxsaylı prosedurlara ehtiyac yoxdur. Əsas məsələ düzgün qulluq, səbir və elmi əsaslara söykənən yanaşmadır. Öz təbii gözəlliyinizi qoruyun və dərinizə sevgi ilə yanaşın.
— Günel xanım, cümləni özünüz tamamlayın: “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…”
— Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, dəridəki kiçik bir xal və ya törəmə vaxtında diqqət yetirilmədikdə ciddi, hətta həyat üçün təhlükəli xəstəliyin əlaməti ola bilər. Zaman keçdikcə dermatologiyanın yalnız xarici görünüşlə bağlı olmadığını, bəzi hallarda insan həyatının qorunmasında nə qədər mühüm rol oynadığını daha dərindən dərk etdim. Bu gün pasiyentlərə dərilərində yaranan dəyişikliklərə laqeyd yanaşmamağı tövsiyə edirəm. Xalın ölçüsündə, formasında və ya rəngində dəyişiklik, yeni yaranan və sağalmayan törəmə müşahidə edilərsə, dermatoloqa müraciət etmək vacibdir. Erkən müayinə bir çox ciddi problemin vaxtında aşkarlanmasına kömək edə bilər. Mənim üçün bu peşənin ən böyük mənası insanlara yalnız daha yaxşı görünməkdə deyil, sağlamlıqlarını qorumaqda da dəstək olmaqdır.

Həkim Günel Məmmədova ilə həyata keçirdiyimiz bu samimi müsahibə bir daha göstərir ki, əsl estetik təbabət süni görünüşün deyil, təbii gözəlliyin və sağlamlığın tərəfdarıdır. Tibbi biliklərlə estetik estetik anlayışın sintezi həm dəri problemlərinin həllində, həm də profilaktikada böyük əhəmiyyət kəsb edir.
Faktum.az redaksiyası olaraq dr. Günel Məmmədovaya insan sağlamlığı və gözəlliyi uğrundakı xeyirxah fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Əlaqə nömrəsi: (+99455) 700 48 46
Instagram: @dermatologist_memmedova
