Musiqi fənni üzrə pedaqoq, təlimçi Sarıgül Xəlilzadə: “Musiqi mənim üçün həm sənət, həm də insanlara yol göstərən əvəzolunmaz bir dostdur”

Uşaqlıqda gəlinciklərini qarşısına düzüb onlara musiqi dərsi keçən balaca qızın arzusu bu gün böyük bir məqsədə çevrilib. Musiqiyə olan sevgisini illər ərzində zəhməti, əzmi və davamlı inkişafı ilə birləşdirən Sarıgül müəllimə həm pedaqoji fəaliyyəti, həm də müəllimlərin işə qəbulu imtahanlarına hazırlaşanlara göstərdiyi dəstəklə diqqət çəkir. Dörd kitabın müəllifi olan müsahibimiz öz bilik və təcrübəsini başqaları ilə bölüşməyi, müəllimlərin uğuruna töhfə verməyi qarşısına məqsəd qoyub. Onun üçün müəllimlik yalnız bilik öyrətmək deyil, həm də cəmiyyətə nümunə olmaq, insanlara yol göstərmək və gələcək nəsillərin formalaşmasında məsuliyyət daşımaqdır.
Faktum.az olaraq Sarıgül müəllimə ilə musiqiyə gedən yolu, pedaqoji fəaliyyəti, kitab müəllifliyi və gələcək hədəfləri barədə söhbətləşdik.

– Sarıgül müəllimə, necə oldu ki, bu sahəyə gəldiniz?
– Musiqi sahəsində çalışmaq uşaqlıq arzum olub. Ailəmizdə həkimliyi seçənlər çox olsa da, incəsənətə maraq göstərən yox idi. Yadımdadır, uşaq olanda gəlinciklərimi qarşıma düzər, onlara “musiqi dərsi” keçərdim. Valideynlərim əvvəlcə bunu sadəcə uşaqlıq məşğuliyyəti hesab etsələr də, sonradan məni Gəncə şəhərində Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinə yazdırdılar. Orada yeddi il fortepiano üzrə təhsil aldım.
2017-ci ildə Gəncə şəhəri 17 nömrəli tam orta məktəbin IX sinfini bitirdikdən sonra təhsilimi Gəncə Şəhər Musiqi Kollecində davam etdirdim. Hazırda Gəncə Dövlət Universitetinin musiqi müəllimliyi ixtisası üzrə IV kurs tələbəsiyəm. Təhsil müddətində fəal tələbələrdən biri olmağa çalışmışam. Qarşıma qoyduğum əsas məqsədlərdən biri magistraturaya qəbul olmaq və akademik təhsilimi davam etdirməkdir.
– Neçə ildir ki, musiqi sahəsindəsiniz?
– Artıq 13 ildir ki, musiqi sahəsindəyəm. Bununla yanaşı, yeddi ildir müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlaşan müəllimlərə dəstək oluram. Bu illər ərzində həm öz biliklərimi artırmağa, həm də qazandığım təcrübəni başqaları ilə bölüşməyə çalışmışam.
– Öz sahəniz üzrə hansı işləri həyata keçirirsiniz?
– Dörd kitabın müəllifiyəm. 2021-ci ildə müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə etdikdən sonra qarşıma bir məqsəd qoydum: digər müəllimlərə də kömək etmək və onları imtahanlara ödənişsiz hazırlamaq. Verdiyim sözə əməl etdim və bu fəaliyyətimi illərdir davam etdirirəm.
Hazırda qrupumda 1000-dən çox müəllim var. Onların biliklərini artırmaq, imtahanlara daha inamla hazırlaşmalarına kömək etmək mənim üçün böyük məsuliyyət və eyni zamanda qürur mənbəyidir. Gələcəkdə də bu fəaliyyətimi davam etdirmək niyyətindəyəm. İnsanların uğurunda pay sahibi olmaq mənim üçün ən dəyərli nailiyyətlərdən biridir.
– Bir pedaqoq olaraq nələrə “yox” deyirsiniz?
– İlk növbədə, valideynlərin övladlarının fikirlərini və istəklərini nəzərə almadan onları öz arzuladıqları sahəyə yönəltmələrinin əleyhinəyəm. Hər bir uşağın maraqları, bacarıqları və arzuları fərqlidir. Valideynlər övladlarının istədikləri sahəni seçmələri üçün onlara şərait yaratmalı, düzgün istiqamət verməli və dəstəkləməlidirlər.
Müəllimlərə də bir çağırışım var: müəllim adını və bu ada olan hörməti qoruyub saxlasınlar. Müəllimin davranış, söylədiyi söz və atdığı hər bir addım şagirdin həyatına təsir göstərə bilər. Bəzən bir müəllimin səhvi uşağın düşüncəsində yanlış təsəvvürlər yarada bilər. Buna görə də hər bir pedaqoq öz davranışı ilə şagirdlərinə nümunə olmağı bacarmalıdır.
Valideynlərə xüsusilə müraciət etmək istəyirəm: qız övladlarınızı təhsildən ayırmayın, onların təhsil almasına və özlərini inkişaf etdirməsinə imkan yaradın. Onları ailə qurmağa tələsdirməyin. Həyatda heç kim heç nədən sığortalanmayıb. Hər bir qadın öz ayaqları üzərində dayanmağı, müstəqil qərarlar verməyi və həyatını özü qurmağı bacarmalıdır. Bunun üçün isə təhsil mühüm rol oynayır. Qız övladlarınızın gələcəyinə sərmayə qoyun, onların bilikli, savadlı və müstəqil fərdlər kimi yetişməsinə dəstək olun.
– Son zamanlar sizə daha çox hansı məsələlərlə bağlı müraciət edirlər?
– İnsanlar əsasən kitablarımla bağlı fikirlərini, hansı mövzuların işıqlandırılmasını istədiklərini mənimlə bölüşürlər. Mən də bacardığım qədər onların təkliflərini nəzərə almağa çalışıram. Oxucuların istəklərini dinləmək və onların ehtiyaclarına uyğun məzmun hazırlamaq mənim üçün vacibdir. Çünki kitabın dəyəri yalnız yazılanlarla deyil, oxucusuna nə qazandırması ilə də ölçülür.
– Sizi başqalarından fərqləndirən cəhət nədir?
– Açığı, özümü kimdənsə üstün hesab etmirəm. İstedad hər kəsə verilə bilər, əsas məsələ həmin istedadı necə dəyərləndirmək və insanlara hansı faydanı verməkdir. Düşünürəm ki, Allah mənə bu istedadı veribsə, yaşadığım müddətdə insanlara kömək etməli, bildiklərimi paylaşmalıyam. Bu gün də bacardığım qədər belə etməyə çalışıram. Mənim üçün əsas olan başqalarından üstün görünmək deyil, kiminsə həyatında müsbət iz buraxmaqdır.
– Xarakter etibarilə necə birisiniz?
– Mənim üçün hörmət hər şeydən əvvəl gəlir. Qarşımdakı insan mənə hörmətlə yanaşırsa, mən də ona eyni münasibəti göstərirəm. Sadə, mərhəmətli və insanlara kömək etməyi sevən biriyəm. Əlimdən gələn dəstəyi əsirgəməməyə çalışıram.
Eyni zamanda, iddialı və məqsədyönlü insanam. Hədəflərimə çatana qədər mübarizə aparıram. Həyatda yalnız mövcud vəziyyətlə kifayətlənməyi sevmirəm, daim irəli getmək, öyrənmək və özümü inkişaf etdirmək istəyirəm. Öz ayaqlarım üzərində dayanmaq mənim üçün çox vacibdir və hər bir xanıma da bunu arzulayıram. Diqqətə, sevgiyə və səmimi münasibətə böyük önəm verirəm.
– Ailəlisinizmi?
– Xeyr, subayam.
– Oxucularınıza hansı tövsiyələri vermək istərdiniz?
– İlk növbədə, müəllimlik yolunu seçən hər kəsə demək istəyirəm ki, hansı ixtisas üzrə təhsil almağınızdan və hansı vəzifədə çalışmağınızdan asılı olmayaraq, musiqi hər zaman həyatınızda özünə yer tapa bilər. Musiqi insanın ən gözəl dostlarından biri, yol yoldaşı və ruhunu zənginləşdirən əvəzsiz bir vasitədir.
Hər kəsə tövsiyəm budur ki, daim öz üzərində işləsin, öyrənməkdən və yeniliklərə açıq olmaqdan çəkinməsin. Əziyyətin bəhrəsi bəzən gec görünə bilər, amma insan zəhmətindən vaz keçməməlidir. İnanıram ki, hər kəs bir gün çəkdiyi zəhmətin nəticəsini görəcək. Bu yolda hər kəsə uğurlar arzulayıram.
– “Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki…” Cümləsini özünüz tamamlayın.
– Ağlıma gəlməzdi ki, uşaqlıqda gəlinciklərinə “musiqi dərsi” keçən balaca bir qızcığaz bir gün respublika səviyyəsində tanınan musiqi müəlliminə çevriləcək. Ağlıma gəlməzdi ki, dörd kitabın müəllifi olacağam və bu kitablar oxucular tərəfindən sevilərək oxunacaq.
Bu gün geriyə baxanda uşaqlıq arzumun məni hansı nöqtəyə gətirdiyini görürəm. Mənim üçün ən böyük xoşbəxtlik arzularımın arxasınca getmək, öyrənmək, öyrətmək və insanlara faydalı olmaqdır. İnanıram ki, qarşıda hələ çox məqsədimə çatacağam və musiqiyə olan sevgimi daha böyük uğurlarla davam etdirəcəyəm.



Sarıgül Xəlilzadənin hekayəsi bir daha sübut edir ki, böyük uğurlar səmimi arzular, tükənməz zəhmət və insanlara faydalı olmaq istəyi ilə başlayır. Uşaqlıq xəyallarını reallığa çevirən genç pedaqoq yalnız öz yolunu işıqlandırmır, həm də yüzlərlə müəllim namizədinə gələcək fəaliyyətlərində dayaq olur.
Biz də Faktum.az kollektivi olaraq Sarıgül müəlliməyə bu müqəddəs və məsuliyyətli yolunda, akademik təhsilində və gələcək kitab layihələrində yeni-yeni uğurlar arzulayırıq!
Əlaqə nömrəsi: (+99477) 301 29 88
İnstagram: sarigul.miq_sertifikasiya
