“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur

“ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur.
Azərbaycanın dövlət idarəçiliyində həyata keçirdiyi innovativ islahatların mühüm nümunələrindən biri olan “ASAN xidmət” modeli vətəndaş məmnunluğunun yüksəldilməsi, dövlət xidmətlərinin əlçatanlığının təmin olunması və idarəetmədə şəffaflığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu model dövlət-vətəndaş münasibətlərində yeni yanaşma formalaşdıraraq operativlik, rahatlıq, məsuliyyət və keyfiyyət prinsiplərini ön plana çıxarıb. Müasir texnologiyaların tətbiqi, xidmətlərin vahid məkanda təşkili və korrupsiya risklərinin azaldılmasına yönəlmiş mexanizmlər “ASAN xidmət”i Azərbaycanın institusional yenilikləri sırasında fərqləndirir. Bu gün sözügedən model ölkəmizin dövlət idarəçiliyi sahəsində təcrübəsinin beynəlxalq miqyasda tanıdılmasına, milli innovasiya nümunələrinin digər ölkələrlə bölüşdürülməsinə də xidmət edir.
Müasir dövrdə dövlət xidmətlərinin səmərəliliyi yalnız idarəetmənin texniki göstəriciləri ilə deyil, ilk növbədə vətəndaşların gündəlik həyatına göstərdiyi müsbət təsirlə ölçülür. Vətəndaşın vaxtına qənaət edilməsi, müraciətlərin daha asan və şəffaf şəkildə həyata keçirilməsi, dövlət qurumlarına etimadın möhkəmləndirilməsi sosial rifahın və ictimai məmnunluğun mühüm şərtlərindəndir. “ASAN xidmət” modeli məhz bu tələblər əsasında formalaşaraq dövlət idarəçiliyində insan amilini ön plana çəkən yanaşmanın təzahürünə çevrilib. Onun beynəlxalq səviyyədə maraq doğurması isə Azərbaycanın islahat təcrübəsinin digər ölkələr üçün də öyrənilməyə dəyər nümunə olduğunu göstərir.
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət xidmətləri sahəsində əməkdaşlıq məsələsinin diqqət mərkəzində olması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında “ASAN xidmət” modelinə toxunması Azərbaycanın yalnız iqtisadi və siyasi əlaqələrin inkişafına deyil, həm də idarəçilik sahəsində əldə etdiyi təcrübənin beynəlxalq tərəfdaşlarla bölüşdürülməsinə önəm verdiyini nümayiş etdirir. Kambocanın bu sistemə maraq göstərməsi iki ölkə arasında əməkdaşlığın yeni, innovativ istiqamətlər üzrə genişləndirilməsi üçün imkanlar yaradır.
Dövlət başçısı bəyanatında “ASAN xidmət” modelinin beynəlxalq maraq doğurmasını vurğulayaraq bildirmişdir: “Həmçinin məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər.”
Dövlət xidmətlərinin təşkili sahəsində uğurlu təcrübənin başqa ölkələr tərəfindən öyrənilməsi və tətbiq imkanlarının araşdırılması Azərbaycanın institusional bilik və təcrübəsinin paylaşılması baxımından əhəmiyyətlidir. Bu yanaşma tərəfdaş dövlətlər arasında qarşılıqlı öyrənməyə, idarəçilik sahəsində yeni həllərin müzakirəsinə və ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yarada bilər.
“ASAN xidmət” modelinin əsas üstünlüklərindən biri dövlət xidmətlərini vətəndaş üçün daha rahat və əlçatan etməyə yönəlməsidir. Xidmətlərin vahid məkanda təşkili, proseslərin sadələşdirilməsi və rəqəmsal imkanlardan istifadə dövlət-vətəndaş münasibətlərində çevikliyi artıran amillərdir. Belə bir yanaşmanın digər ölkələrdə maraq doğurması dövlət idarəçiliyində səmərəli həllərin coğrafi sərhədləri aşaraq beynəlxalq təcrübə mübadiləsinin mövzusuna çevrildiyini göstərir.
Azərbaycanın bu təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi ölkəmizin diplomatik əlaqələrinə əlavə məzmun qazandırır. Əməkdaşlıq yalnız siyasi bəyanatlar və ənənəvi iqtisadi münasibətlərlə məhdudlaşmadıqda, dövlətlər arasında təcrübə mübadiləsi və institusional tərəfdaşlıq da inkişaf üçün yeni imkanlar yaradır.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru
