Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır

Sülh və təhlükəsizlik beynəlxalq münasibətlərin sabitliyini təmin edən, dövlətlərin davamlı inkişafı və xalqların rifahı üçün mühüm əhəmiyyət daşıyan əsas amillərdəndir. Azərbaycan və Kamboca sülhü və təhlükəsizliyi inkişafın başlıca şərti hesab edərək beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayırlar. Bu prinsiplərə əməl olunması dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi, münaqişələrin qarşısının alınması və beynəlxalq əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, hazırda ölkənin bütün əraziləri Azərbaycan dövlətinin nəzarəti altındadır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Artıq həmin ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses ölkənin gələcək inkişafı, regionda sabitliyin möhkəmləndirilməsi və insanların təhlükəsiz həyat şəraitinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Kambocanı birləşdirən əsas məqamlardan biri də beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq təşkilatların qərarlarına sadiqlikdir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, problemlərin beynəlxalq hüquq çərçivəsində həlli və sülhün qorunması qlobal təhlükəsizliyin təmin olunmasının vacib şərtləridir. Bu istiqamətdə qarşılıqlı dialoqun və əməkdaşlığın gücləndirilməsi həm ikitərəfli münasibətlərin inkişafına, həm də beynəlxalq sabitliyə töhfə verə bilər.
Qocayev Rövşən – Zərdab şəhər sakini, gənc fəal
