Azərbaycan-Kamboca münasibətləri: qarşılıqlı əməkdaşlığın yeni perspektivləri

Azərbaycan-Kamboca münasibətləri: qarşılıqlı əməkdaşlığın yeni perspektivləri
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində müxtəlif regionların ölkələri ilə əlaqələrini genişləndirir, milli maraqlarını və beynəlxalq hüququn prinsiplərini əsas götürərək əməkdaşlığın yeni imkanlarını reallaşdırır. Bu baxımdan, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisədir.
Prezident İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanatda Azərbaycan və Kamboca arasında siyasi, iqtisadi, humanitar və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çəkilib. Dövlət başçısı hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində fəal əməkdaşlıq etdiyini, qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin mühüm əsaslarından biri olduğunu vurğulayıb.
İqtisadi əməkdaşlığın genişləndirilməsi səfərin əsas istiqamətlərindəndir. Ticarət və investisiya sahəsində birgə işçi qrupunun yaradılması, biznes forumunun keçirilməsi, eləcə də sənaye, turizm və təhsil sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi qarşılıqlı iqtisadi əlaqələrin inkişafı üçün yeni şərait yaradır. Azərbaycan ilə Kamboca arasında imzalanmış sənədlər də ticarət-iqtisadi münasibətlərin və institusional əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Səfər çərçivəsində humanitar əməkdaşlığa və rəqəmsal idarəetməyə də xüsusi diqqət yetirilib. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında mövcud olan tarixi əlaqələri göstərir. Bu ənənənin bərpası, tələbə mübadiləsinin genişləndirilməsi və “ASAN xidmət” modelinin təcrübəsinin paylaşılması əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.
Azərbaycan və Kambocanı birləşdirən məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir. Prezident İlham Əliyev işğaldan azad edilmiş Azərbaycan ərazilərində minaların partlaması nəticəsində 400-dən çox insanın həlak olduğunu və ya xəsarət aldığını qeyd edib. Bu sahədə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və praktiki təlimlərin keçirilməsi mina təhlükəsinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının bəyanatında sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmasının vacibliyi də vurğulanıb. Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri və “Böyük Qayıdış” Proqramı ölkənin gələcək inkişafına yönəlmiş mühüm tədbirlərdir.
Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi iki ölkənin münasibətlərinin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən məsələlər tərəflər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru
