Bayrağın ucaldığı tarixi gün — milli iradənin təntənəsi

Bayrağın ucaldığı tarixi gün — milli iradənin təntənəsi
20 sentyabr — Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın müasir tarixində dövlətçilik iradəsinin, milli həmrəyliyin və ərazi bütövlüyünün bərpasının rəmzi günlərindən biri kimi xüsusi məna daşıyır. Bu tarix Azərbaycan xalqının uzun illər boyu daşıdığı arzunun gerçəkləşməsi ilə yanaşı, dövlətin qarşıya qoyduğu strateji məqsədlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsini də ifadə edir.
2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması Qarabağın və Şərqi Zəngəzurun ərazi bütövlüyünün təmin olunmasından sonra baş verən mühüm tarixi hadisə idi. Xüsusilə Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağın dalğalanması Azərbaycan dövlətinin suverenliyinin bütün ərazidə bərpa edilməsinin simvolik ifadəsinə çevrildi.
Prezident İlham Əliyevin həmin gün Xankəndidə səsləndirdiyi fikirlər bu hadisənin siyasi və mənəvi mahiyyətini aydın şəkildə ortaya qoyurdu. Dövlət başçısı qeyd edirdi ki, prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə ucaldılması olub. Bu yanaşma təsadüfi deyil. Çünki dövlətçilikdə strateji məqsəd yalnız siyasi bəyanatlarla deyil, uzunmüddətli fəaliyyət, institusional güc, iqtisadi imkanlar, müdafiə qabiliyyəti və milli iradənin səfərbər edilməsi ilə nəticəyə çevrilir.
Azərbaycanın keçdiyi yol göstərdi ki, ərazi bütövlüyünün bərpası bir anda meydana çıxan nəticə deyil. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca həyata keçirilən diplomatik və siyasi proseslər, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasına gətirib çıxardı. Beləliklə, uzun illər davam edən işğal reallığı aradan qaldırıldı və dövlət bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə ucaldılması yeni mərhələnin başlanğıcını müəyyənləşdirdi.
Bu gün həmin şəhərlərin adı yalnız keçmiş münaqişə ilə bağlı xatırlanmır. Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi qarşıdakı mərhələnin əsas istiqamətlərini təşkil edir. Dövlət bayrağının ucaldıldığı məkanlarda həyatın yenidən canlandırılması Azərbaycanın suverenliyinin praktik məzmun qazandığını göstərir.
20 sentyabrın mahiyyəti həm də ondan ibarətdir ki, bu tarix milli yaddaşla dövlətçilik perspektivini birləşdirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzərində dalğalanan Azərbaycan Bayrağı yalnız bir dövlət rəmzi deyil, xalqın öz taleyinə sahib çıxmasının, ərazi bütövlüyünün və suverenliyin bərpasının ifadəsidir. Bu baxımdan 20 sentyabr gələcək nəsillərə dövlət müstəqilliyinin qorunmasının, milli birliyin və məqsədyönlü siyasətin əhəmiyyətini xatırladan mühüm tarixi gündür.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini
