Ermənistan hakimiyyətinin ziddiyyətli mövqeyi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin reallaşmasının beynəlxalq ictimaiyyət tərəfindən müşahidə edilməsi baxımından mühüm hadisədir. Bu səfərə Ermənistan daxilində bəzi revanşist dairələrin sərt və qəbuledilməz münasibət bildirməsi isə regionda sülh və normallaşma prosesinə qarşı hələ də müəyyən siyasi qüvvələrin müqavimət göstərdiyini ortaya qoyur.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti ölkə daxilindəki revanşist ritorikanı yalnız radikal müxalifətin mövqeyi kimi təqdim etməklə məsuliyyətdən kənarda qalmağa çalışır. Halbuki müxtəlif informasiya resurslarında yayılan materialların xarakteri və onların ictimai dövriyyəyə buraxılma üsulu bu məsələyə daha geniş siyasi prizmadan yanaşmağı zəruri edir. Xüsusilə hakimiyyətə yaxın informasiya resurslarında Azərbaycan əleyhinə ritorikanın və diplomatik səfərə qarşı kampaniyanın geniş işıqlandırılması Ermənistanın bu prosesə münasibəti ilə bağlı ciddi suallar yaradır.
Əgər Ermənistan hakimiyyəti həqiqətən sülh gündəliyinə, Azərbaycanla münasibətlərin normallaşdırılmasına və regionda dayanıqlı sabitliyin təmin olunmasına sadiqdirsə, revanşist çağırışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Çünki bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən isə Azərbaycanın suveren ərazilərinə diplomatik səfərləri hədəfə alan kampaniyalara siyasi və informasiya imkanları yaratmaq ziddiyyətli yanaşmadır.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər etməsi Azərbaycanın daxili və suverenlik məsələsidir. Buna kənardan siyasi təzyiq göstərilməsi və ya həmin səfərlərin legitimliyinin şübhə altına alınması beynəlxalq münasibətlərin fundamental prinsipləri ilə uzlaşmır.
Ermənistanda revanşist düşüncənin mövcudluğu yeni məsələ deyil. Lakin əsas problem bu qüvvələrin mövcudluğundan daha çox, onların siyasi ritorikasının hansı səviyyədə qarşısının alınmasıdır. Hakimiyyət bu qüvvələrin fəaliyyətini yalnız müxalifətin problemi kimi təqdim etməklə məsuliyyətdən yayınmamalıdır. Əksinə, sülh prosesinin davamlı olması üçün revanşist çağırışlara qarşı aydın və birmənalı mövqe ortaya qoyulmalıdır.
Bu baxımdan Ermənistan hakimiyyətinin qarşısında seçim aydındır: ya regionda yeni siyasi reallıqları qəbul edərək Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atmaq, ya da revanşist qüvvələrin ritorikasına göz yummaqla sülh prosesinə zidd meyillərin güclənməsinə şərait yaratmaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, diplomatik nümayəndələrin bu ərazilərə səfərləri və beynəlxalq ictimaiyyətin burada baş verən proseslərlə birbaşa tanış olması yeni reallığın göstəriciləridir. Bu reallığı qəbul etmək əvəzinə onu informasiya kampaniyaları ilə dəyişdirməyə cəhd göstərmək isə artıq keçmişin siyasi düşüncə tərzindən qurtula bilməməyin əlamətidir.
Sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də cəmiyyətlərdə revanşist düşüncənin aradan qaldırılması və yeni reallıqlara hörmətlə yanaşılması ilə möhkəmlənir. Ermənistan hakimiyyətinin üzərinə düşən əsas vəzifələrdən biri də məhz budur.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini
