Laçın rayonunun enerji potensialı

Laçın rayonunun enerji potensialı.
Laçın rayonu zəngin su ehtiyatları və dağlıq relyefi ilə Azərbaycanın yüksək hidroenerji potensialına malik ərazilərindən biridir. Rayonun ərazisindən keçən çaylar burada su elektrik stansiyalarının yaradılması üçün əlverişli şərait yaradır. Son illərdə Laçında enerji infrastrukturunun yenidən qurulması və yeni su elektrik stansiyalarının tikintisi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu layihələr həm rayonun enerji təminatının yaxşılaşdırılmasına, həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə töhfə verir. Ümumilikdə Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı isə 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu stansiyalar rayonun elektrik enerjisinə olan tələbatının ödənilməsində və artıq enerjinin ölkənin vahid enerji sisteminə ötürülməsində mühüm rol oynayır. Laçın rayonunda enerji sektorunun inkişafında mühüm mərhələlərdən biri 2021-ci ildə 8 MVt gücündə Güləbird Su Elektrik Stansiyasının istifadəyə verilməsi olmuşdur. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Burada istehsal olunan enerji Qubadlı rayonunun Xanlıq kəndinin, Laçın rayonunun cənub hissəsinin və ərazidə həyata keçirilən digər infrastruktur layihələrinin enerji təminatına yönəldilir. Laçının hidroenerji potensialında Həkəri çayı və onun qolları xüsusi əhəmiyyət daşıyır. Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və işğal dövründə dağıdılmış bir sıra su elektrik stansiyaları azadlıqdan sonra yenidən qurulmuşdur. 14,25 MVt gücündə “Ağbulaq”, 8,25 MVt gücündə “Mişni” və 6 MVt gücündə “Alxaslı” SES-lərin yenidən qurulması rayonun enerji imkanlarının genişləndirilməsi baxımından mühüm addım olmuşdur. 2023-cü il avqustun 25-də “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, 2024-cü il mayın 10-da isə “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilmişdir. Bu stansiyaların fəaliyyətə başlaması Laçında hidroenerji istehsalının daha da artırılmasına imkan yaratmışdır. 2025-ci il mayın 27-də “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışı keçirilmişdir. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində, Malıbəyli və Mirik kəndlərinin ərazisində inşa edilmişdir. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” SES-lərdə müasir avadanlıqlar quraşdırılmış və optik kabel xətləri çəkilmişdir. Stansiyalar ölkənin enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunmuşdur. 2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində yerləşən daha üç su elektrik stansiyasının – 14,7 MVt gücündə “Ağbulaq-1”, 14,25 MVt gücündə “Ağbulaq-2” və 4 MVt gücündə “Şeylanlı” SES-lərin açılışı keçirilmişdir. Bu stansiyaların istifadəyə verilməsi Laçının enerji istehsal imkanlarını daha da artırmışdır. Hazırda Laçın rayonunun elektrik enerjisinə olan tələbatı 8–10 MVt təşkil edir və bu tələbat tamamilə yaşıl enerji hesabına qarşılanır. Rayonda istehsal olunan artıq enerji isə ölkənin enerji sisteminə ötürülür. Bununla yanaşı, ümumi gücü 10,7 MVt olan 3 yeni su elektrik stansiyasının tikintisi davam edir və onların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Laçının enerji potensialının inkişafında gələcək tələbat da nəzərə alınır. Proqnozlara əsasən, 2040-cı ilədək rayonun elektrik enerjisinə olan tələbat gücü 80 MVt-a çatacaq. Bu artım əhalinin rayona qayıdışı, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin yaradılması, turizm və digər iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə əlaqədardır. Buna görə də etibarlı enerji təminatı Laçının gələcək sosial-iqtisadi inkişafının əsas şərtlərindən biridir. Laçında enerji istehsalının artırılması rayonun iqtisadi fəallığının yüksəlməsinə də şərait yaradır. Elektrik enerjisinin sabit və etibarlı olması yeni müəssisələrin, xidmət obyektlərinin və turizm infrastrukturlarının fəaliyyət göstərməsi üçün əlverişli imkan formalaşdırır. Xüsusilə rayonun təbii və turizm potensialının inkişaf etdirilməsi baxımından enerji təminatı mühüm amillərdən biridir.
Zərdab rayon üzrə gənclər və idman sektorun müdiri – Əvəz Soltanov
