Əri burnunu, qulaqlarını kəsib, ölümə tərk etdi.

Faktum.az xəbər verir ki, bu gün radikal islamçı qruplar ciddi cəhdlə şəriət dövləti qurmağı hədəfləyirlər – Əfqanıstanda Talibanın qurduğu və idarə etdiyi, İslam dəyərlərindən uzaq olan rejim kimi.
12 yaşında onu zorla ərə verdilər. Ər evində gördüyü zülm, işgəncə, təhqir və alçaltma həyatını dözülməz hala gətirdi. Nəhayət, bu zülmdən qaçmağa qərar verdi, lakin çox təəssüf ki, qaçışı uğurlu olmadı. Əri tərəfindən yaxalanan gənc qadının burnu və qulaqları kəsilərək ölməsi üçün dağlara atıldı.
Tale gənc qadının halına acıyıb onu ölümdən qurtaracaq insanlarla qarşılaşdırdı.
Kim idi bu qadın? Əfqanıstanlı Aişə Məhəmmədzai.
Şəriət adı altında qadınların kölə kimi alınıb-satıldığı Əfqanıstan kimi bir ölkədə qadın əşyadan belə dəyərsizdir. Aişə bütün əfqan qadınları kimi ata evində də, ər evində də zülmə uğrayan bir qadın idi. Onu ölümə tərk etdikdən sonra Aişəyə doğmaları deyil, bir amerikalı sahib çıxıb ölümdən xilas etdi. Aişə Məhəmmədzai Amerikaya aparılaraq əməliyyat olundu, burnu bərpa edildi. Yaşadığı onca dəhşətə baxmayaraq, özünü toplayıb ayağa qalxdı və bütün dünyaya Əfqanıstanda qadına qarşı törədilən zülmü ifşa etdi.
Aişənin dramını oxuduqca insan düşünür: Bu gün Azərbaycanda, eləcə də dünyada olan radikal qruplar din adı altında həqiqətən Allaha xidmət edirlər, yoksa Şeytana? Allaha xidmət edən insan başqa bir insana bu vəhşiliyi törətməkdən qorxar. Onların isə tək bir istəyi var: qadın üzərində mütləq hakimiyyət. Bunun üçün ən “yaxşı” pərdə özünü dindar göstərməkdir.
Fərqindəsinizsə, burada mütərəqqi düşüncədən söhbət gedə bilməz. Çünki onlar şüurlarını itirdikləri üçün vətən, bayraq, torpaq, millət anlayışını unudublar. Tək kəlmələri qadına, uşağa zülm edən “din qardaşlarına” köməkdir. Qarabağı xilas etməyi öz sözləri ilə desək “tağut” hesab edib, Fələstin və Suriya üçün ailəsi və uşaqları ilə döyüşə gedən kor-koranə bir “dindarlar” ordusu…

Tərifə Şükürqızı
