Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Mədəniyyətimizin 4 avqust imzaları

04 Avqust 2026, 09:15 Mədəniyyət
728×90

Faktum.az xəbər verir ki, 4 avqust tarixi Azərbaycanın teatr, kino və televiziya incəsənətində silinməz izlər qoymuş dörd böyük sənətkarın doğum günüdür.

4 avqust 1915-ci ildə Gəncə şəhərində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Məmmədrza Şeyxzamanov anadan olub. Sənət yoluna Gəncə Dövlət Dram Teatrında başlayan böyük ustad, daha sonra fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirərək səhnəmizin unudulmaz simalarından birinə çevrilib. O, “Bir qalanın sirri” (Eldostu), “Nəsimi” (Şeyx Əzəm), “Əhməd haradadır?” (Nuru kişi), “Tütək səsi” (İsfəndiyar kişi), “Qatır Məmməd” və “Bizim Cəbiş müəllim” kimi məşhur Azərbaycan filmlərində yaratdığı silsilə müdrik, dərin və təmkinli obrazlarla milli kinosunun qızıl fonduna adını yazdırıb. 1974-cü ildə Xalq artisti fəxri adına layiq görülən Məmmədrza Şeyxzamanov 25 yanvar 1984-cü ildə Bakı şəhərində vəfat edib.

4 avqust 1939-cu ildə Bakı şəhərində Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Ofeliya Məmmədzadə anadan olub. Sənət yoluna gənc yaşlarından başlayan aktrisa uzun illər Akademik Milli Dram Teatrı və Musiqili Komediya Teatrının səhnələrində bir-birindən maraqlı, koloritli obrazlar silsiləsi yaradıb. O, həmçinin “Qaynana”, “Evlənmək istəyirəm”, “Ulduz” kimi məşhur Azərbaycan filmlərində və müxtəlif televiziya tamaşalarında canlandırdığı rollarla xalqın sevgisini qazanıb. 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görülən Ofeliya Məmmədzadə 15 dekabr 2007-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

4 avqust 1948-ci ildə Bakı şəhərində Azərbaycanın Xalq artisti, görkəmli teatr və kino aktyoru, rejissor Ramiz Məlik anadan olub. O, 1967-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərərək səhnəmizdə onlarca yaddaqalan obrazlar silsiləsi yaradıb. Aktyor həmçinin “Nizami”, “Qatır Məmməd”, “Dədə Qorqud”, “Bəyin oğurlanması” kimi məşhur Azərbaycan filmlərində və televiziya tamaşalarında unudulmaz rollar ifa edib. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülən Ramiz Məlik 14 dekabr 2023-cü ildə Bakı şəhərində vəfat edib.

4 avqust 1946-cı ildə Şuşa şəhərində Azərbaycanın Xalq artisti, əfsanəvi diktor və televiziya xadimi Rafiq Hüseynov anadan olub. O, 1966-cı ildən fəaliyyətə başladığı Azərbaycan Televiziyasında uzun illər aparıcı diktor, proqram direktoru və baş redaktor kimi çalışaraq milli televiziya məktəbinin formalaşmasında müstəsna xidmətlər göstərib. Özünəməxsus səsi, yüksək nitq mədəniyyəti və səmimiyyəti ilə xalqın dərin sevgisini qazanan ustad diktor 2006-cı ildə Xalq artisti fəxri adına layiq görülüb. Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Düsseldorf şəhərində vəfat edib.

728×90
Paylaş: