İmzalanan sənədlər strateji əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir

İmzalanan sənədlər strateji əməkdaşlığın yol xəritəsini müəyyənləşdirir
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində imzalanan çoxsaylı dövlətlərarası sənədlər iki ölkənin yalnız mövcud əlaqələrini möhkəmləndirməklə kifayətlənmədiyini, eyni zamanda əməkdaşlığın yeni istiqamətlərini də müəyyən etdiyini göstərir.
Dövlət başçılarının iştirakı ilə sənədlərin mübadilə olunması siyasi dialoqdan iqtisadiyyat, nəqliyyat, investisiya, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrə qədər geniş əməkdaşlıq spektrini əhatə edən münasibətlərin hüquqi bazasının daha da zənginləşdirilməsinə xidmət edir. Bu sənədlər qarşılıqlı etimadın möhkəm təməl üzərində qurulduğunu və uzunmüddətli tərəfdaşlıq niyyətinin konkret hüquqi mexanizmlərlə dəstəkləndiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək” fikri tərəflərin əməkdaşlığa yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real nəticələrə hesablanmış praktiki yanaşma nümayiş etdirdiyini bir daha təsdiqləyir. Bu yanaşma son illərdə iki ölkə arasında imzalanmış sənədlərin uğurla icra olunmasının məntiqi davamı kimi çıxış edir.
Azərbaycan və Qırğızıstan Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərini bölüşən dövlətlər olmaqla yanaşı, müasir geosiyasi və iqtisadi reallıqlar fonunda da bir-birini etibarlı tərəfdaş kimi görür. Məhz buna görə imzalanan yeni sənədlər təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə, regional nəqliyyat və logistika layihələrinin genişlənməsinə, iqtisadi əlaqələrin şaxələndirilməsinə də mühüm töhfə verəcək.
Xüsusilə qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qəbul olunan qərarlar iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu, hər iki ölkənin biznes dairələri üçün yeni imkanlar açmaqla yanaşı, regionda dayanıqlı iqtisadi əməkdaşlığın formalaşmasına da müsbət təsir göstərəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında münasibətlərin gələcək inkişafının strateji yol xəritəsini formalaşdırır. Qarşılıqlı siyasi iradə, möhkəm dostluq münasibətləri və imzalanmış hüquqi baza Azərbaycan–Qırğızıstan əməkdaşlığının qarşıdakı illərdə daha dinamik inkişaf edəcəyinə və konkret nəticələrlə müşayiət olunacağına güclü zəmin yaradır.
Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini
