Art-terapiya üzrə beynəlxalq təlim uğurla başa çatdı

Art-terapiya üzrə beynəlxalq təlim uğurla başa çatdı
20–22 iyul 2026-cı il tarixlərində Azərbaycan Autizm Assosiasiyası və “İnovativ-İnkişaf BEER David” Mərkəzinin birgə təşkilatçılığı ilə art-terapiya üzrə beynəlxalq təlim proqramı keçirildi.
Təlimdə İsraildən dəvət olunmuş art-terapiya mütəxəssisi Arkadi Bairov iştirak edərək öz bilik və təcrübəsini tədbir iştirakçıları ilə bölüşdü. Proqramda Azərbaycan Autizm Assosiasiyasına üzv olan təşkilatların nümayəndələri, Qazaxıtan və Almaniyadan olan mütəxəssislər və bu sahədə çalışan şəxslər iştirak etdilər.
Üç gün davam edən təlim zamanı art-terapiyanın autizmli şəxslərin emosional, sosial və yaradıcı bacarıqlarının inkişafındakı rolu, müxtəlif praktik metodlar, fərdi və qrup fəaliyyətlərinin təşkili, incəsənət vasitəsilə ünsiyyətin gücləndirilməsi və reabilitasiya prosesində tətbiq olunan müasir yanaşmalar haqqında ətraflı məlumat verildi. Təlim iştirakçıları nəzəri biliklərlə yanaşı, praktiki məşğələlərdə də fəal iştirak edərək art-terapiya üsullarını tətbiq etmək imkanı qazandılar.
Təlimin sonunda proqramı uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olundu.
Azərbaycan Autizm Assosiasiyası gələcəkdə də autizm sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və innovativ reabilitasiya metodlarının ölkəmizdə tətbiqinə töhfə verən layihələrin həyata keçirilməsini davam etdirəcək.
