Yazılı müqavilə olmadan verilən borcu geri almaq mümkündürmü?

Bir çox insan dostuna, qohumuna və ya tanışına borc verərkən yazılı müqavilə bağlamır. Borc qaytarılmadıqda isə düşünür ki, əlində müqavilə olmadığı üçün məhkəməyə müraciət edə bilməz.
Konstitusiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli qərarına əsasən, yazılı müqavilənin olmaması borcun geri alınmasını avtomatik olaraq mümkünsüz etmir.
Borc aşağıdakı sübutlarla təsdiqlənə bilər:
– WhatsApp və digər elektron yazışmalar;
– bank və kart köçürmələri;
– ödəniş qəbzləri;
– borclunun pulu aldığını və qaytaracağını bildirdiyi mesajlar;
– digər yazılı və elektron sübutlar.
Məsələn, borclu mesajda “pulu gələn ay qaytaracağam” yazıbsa, bu, borcun etirafı kimi qiymətləndirilə bilər.
Ancaq yalnız bank köçürməsinin olması hər zaman kifayət etmir. Qarşı tərəf pulun borc deyil, hədiyyə və ya başqa ödəniş olduğunu iddia edə bilər. Buna görə bütün sübutlar birlikdə qiymətləndirilməlidir.
Məhkəməyə müraciət etmək üçün nə qədər vaxt var?
Borc müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir.
Borcun qaytarılacağı tarix əvvəlcədən müəyyən edilibsə, üçillik müddət həmin tarix başa çatdıqdan sonra hesablanmağa başlayır.
Məsələn, borc 1 sentyabr 2026-cı ilədək qaytarılmalı idisə, iddia müddətinin hesablanması, bir qayda olaraq, növbəti gündən başlayır.
Borcun qaytarılma tarixi müəyyən edilməyibsə, müddətin başlanması ayrıca hüquqi qaydada qiymətləndirilməlidir. Buna görə borcluya yazılı tələb göndərilməsi və vaxt itirmədən hüquqi addım atılması vacibdir.
Nəticə olaraq, yazılı müqaviləniz olmasa belə, borcun verildiyini və qaytarılmalı olduğunu sübut edən mesajlar, köçürmələr və digər sənədlər varsa, pulun məhkəmə qaydasında tələb edilməsi mümkün ola bilər.
Hüquqşünas Zaur Quliyev
Rəsmi mənbə: “Konstitusiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli qərarı” (https://constcourt.gov.az/az/decision/1541)
