”Toxunulmaz” Şimali Sentinel adası

Faktum.az xəbər verir ki, Hind okeanında, Andaman və Nikobar adaları arxipelaqında yerləşən Şimali Sentinel adası müasir xəritələrdə yer alsa da, faktiki olaraq yerüzünün sivilizasiyaya tamamilə qapalı olan sonuncu guşəsidir. Burada yaşayan Sentinel qabiləsi təxminən 60.000 ildir ki, xarici aləmlə heç bir əlaqə qurmadan, daş dövrünün yaşam tərzini saxlayaraq həyat sürür. Yaddan çıxmış bu adaya yaxınlaşmaq istəyən hər bir kənar şəxs – istər tədqiqatçı, istər balıqçı, istərsə də din xadimi olsun – yerlilər tərəfindən ox, oxatan və nizələrlə qarşılanır.
Sentinel qabiləsinin dəqiq sayı, dili, dini inanc və sosial strukturu haqqında məlumatlar elm dünyası üçün mistik olaraq qalır. Tədqiqatçıların havadan və məsafədən apardıqları müşahidələrə əsasən, ada sakinlərinin sayı 50 ilə 150 nəfər arasında qiymətləndirilir. Onlar kənd təsərrüfatı ilə məşğul olmur, dolanışıqlarını ovçuluq, yığıcılıq və dəniz məhsulları ilə təmin edirlər. Hindistan hökuməti 1990-cı illərdən etibarən qabilə ilə kontakt qurmaq cəhdlərini tamamilə dayandırmış, adanın ətrafında 5 dəniz mili məsafəsində təhlükəsizlik zonası elan edərək bura daxil olmağı qanunla qadağan etmişdir.
Bu qadağanın arxasında təkcə yerli qabilənin təcavüzkar davranışı deyil, həm də humanitar və tibbi səbəblər dayanır. Əsrlərlə təcrid olunmuş şəkildə yaşayan Sentinel sakinləri müasir insanların daşıdığı adi qrip, məxmərək və ya digər viruslara qarşı immunoqlobulinə (immun sisteminə) sahib deyillər. Müasir insanla sıx kontakt onlar üçün kütləvi epidemiya və tayfanın tamamilə yer üzündən silinməsi deməkdir. Antropoloqlar vurğulayırlar ki, Sentinel adası müasir dünyanın qlobal inteqrasiya dalğasına müqavimət göstərən, insanlıq tarixinin ilkin köklərini qoruyub saxlayan ən unikal antropoloji fenomendir.
