Torpaqlarımızın parçalandığı gün: Gülüstan sülh müqaviləsi (1813)

Faktum.az xəbər verir ki, 1813-cü il oktyabrın 12-də Azərbaycan tarixinin en ağrılı, taleyüklü və faciəvi səhifələrindən biri yazıldı. Birinci Rusiya-İran müharibəsinin (1804–1813) yekunu olaraq Qarabağın Gülüstan kəndində Çar Rusiyası ilə Qacar dövləti arasında tarixi Gülüstan sülh müqaviləsi imzalandı. Bu müqavilə əsrlər boyu vahid mədəni və coğrafi məkan olan Azərbaycan torpaqlarının ikiyə bölünməsinin ilk rəsmi və hüquqi əsasını qoydu.
Tarixçilər bildirirlər ki, Gülüstan müqaviləsinin ağır şərtlərinə əsasən, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan xanlıqlarının böyük hissəsi – Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Dərbənd və Lənkəran xanlıqları, eləcə də Dağıstan Çar Rusiyasının tərkibinə qatıldı. Eyni zamanda Xəzər dənizində hərbi dəniz donanması saxlamaq hüququ yalnız Rusiyaya həvalə edildi. Bu müqavilə təkcə sərhədlərin dəyişməsi deyil, həm də minlərlə ailənin parçalanması, xalqın tarixi inkişaf axınının zorla dayandırılması və bölgədə sonradan yaşanacaq böyük geopolitik sarsıntıların təməlinin qoyulması idi. Gülüstan müqaviləsinin yarımçıq qoyduğu işlər 15 il sonra — 1828-ci il Türkmənçay müqaviləsi ilə tamamlandı və Azərbaycanın bölüşdürülməsi prosesi başa çatdırıldı. Mütəxəssislər vurğulayırlar ki, 12 oktyabr 1813-cü il tarixi Azərbaycan xalqının genetik yaddaşında milli faciə və torpaq bütövlüyünün itirilməsi günü kimi qalsa da, bu tarixi dərsləri unutmamaq müstəqil dövlətçiliyimizi və ərazi bütövlüyümüzü qoruyub saxlamaq üçün ən vacib amillərdən biridir.
