Sumqayıtda damın üstündə tikinti: İcra Hakimiyyətindən növbəti şablon cavab

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 196 ünvanındakı çoxmərtəbəli yaşayış binasının damında aparılan mərtəbə artırılması ilə bağlı Faktum.az-ın ardıcıl araşdırmaları aidiyyəti qurumların real mahiyyətdən yayınma cəhdlərini ortaya çıxarır.
İcra Hakimiyyəti qanunsuzluğa “norma” deyir? – “Açıqlama” niyyətinə qurulmuş cümlələr
Məsələyə bilavasitə cavabdeh olan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti ictimaiyyət qarşısında qoyulmuş konkret sualları və təqdim olunan videogörüntüləri cavablandırmaq əvəzinə, rəsmi sorğu tələb edir. Əlbəttə, rəsmi prosedurlar öz yerində, lakin ortada sakinlərin təhlükəsizliyini təhdid edən aşkar bir mənzərə və ictimai rezonans doğuran videogörüntü var ikən, qurumun operativ şəkildə möqve bildirməkdən çəkinməsi suallar doğurur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin isə ümumiyyətlə susqunluq nümayiş etdirməsi narahatlığı daha da artırır.
Digər tərəfdən, Sumqayıt Şəhər İcra Hakimiyyəti fərqli cümlələrlə yenə eyni şablon bəyanatı tirajlamaqla məşğuldur. Rəsmi qurum iddia edir ki, aparılan işlər “şəhərsalma və tikinti normalarına, aidiyyəti qurumların rəylərinə uyğundur”.

Maraqlıdır: Əgər hər şey normalara uyğundursa, o zaman bu normaların mahiyyəti nədir?
Hansı şəhərsalma normasında nəzərdə tutulub ki, bina istismara verildikdən illər sonra onun üzərinə icazəsiz əlavə mərtəbə ucaldılsın?
Binanın özülünün və yükdaşıma konstruksiyasının bu əlavə tonlarla ağırlığa dözümlülüyü hansı ekspertiza hesabatı ilə sübut olunub?
Bütün sakinlərin ümumi paylı mülkiyyəti sayılan dam örtüyünün zəbt edilməsinə mənzil mülkiyyətçilərinin rəsmi razılığı hansı qaydada alınıb?
Fövqəladə hal və ya seysmik aktivlik zamanı yarana biləcək faciəvi fəsadlar üçün hansı təhlükəsizlik tədbirləri görülüb?
Ortaya çıxan bu mənzərədən belə bəlli olur ki, qanunun tələbləri Sumqayıt Şəhər İcra Hakimiyyəti başda olmaqla, adı çəkilən digər aidiyyəti qurumlar üçün elə də ciddi əhəmiyyət kəsb etmir. Əks halda, günlərdir ictimailəşmiş və göz önündə olan bu aşkar qanunsuzluğu şablon bəhanələrlə müdafiə etmək əvəzinə, qanunun tələb etdiyi çərçivədə dərhal həll edər, tikintini dayandırar və ictimaiyyətə dürüst məlumat verərdilər.
Faktum.az olaraq mövzunu diqqətdə saxlamaqda davam edəcəyik.
