Süfrələrimizin pəhriz şahı

Qara çörəyin tərkibi, hazırlanması və orqanizmə faydaları
Faktum.az xəbər verir ki, müasir dövrdə sağlam qidalanmaya və pəhriz rejimlinə riayət edənlərin ilk seçimlərindən biri olan qara çörək, ağ çörəklə müqayisədə tərkibinin zənginliyi və aşağı glikemik indeksi ilə seçilir. Çox zaman sadəcə rənginə görə ayırd edilən bu çörəyin hazırlanma texnologiyası və unun növü onun əsl keyfiyyətini bəlirləyən ana faktordur.
Həqiqi qara çörək təmizlənməmiş, qabığı ayrılmamış çovdar unundan və ya tam buğda (tam dənlilik) unundan hazırlanır. Ağ çörək bişirilərkən taxılın ən faydalı hissəsi olan qabıq (kəpək) və rüşeym hissəsi təmizləndiyi halda, qara çörəkdə bu qat qorunub saxlanılır. Məhz bu səbəbdən qara çörəyin rəngi tünd, struktur isə daha sıx və ağır olur. Qara çörəyin hazırlanmasında adətən kimyəvi maya deyil, təbii çovdar maya (xəmir acıtması) istifadə olunur ki, bu da çörəyə xüsusi yüngül turşməzə dad və xoş ətir verir.
Neyrobioloqlar və dietoloqlar bildirirlər ki, qara çörəyin tərkibi B qrupu vitaminləri (B1, B2, B6, B9), E vitamini, həmsinin dəmir, maqnezium, kalium və fosfor kimi vacib minerallarla zəngindir. Onun tərkibindəki yüksək pəhriz lifləri (kəpək) həzm sisteminin və bağırsaqların fəaliyyətini tənzimləyir, bədəndən toksinlərin xaric olunmasına kömək edir. Eyni zamanda, qara çörək qanda şəkərin səviyyəsini kəskin qaldırmır, uzunmüddətli toxluq hiss yaradır və xolesterin səviyyəsini aşağı salaraq ürək-damar sistemini qoruyur.
Lakin alıcılar qara çörək alarkən diqqətli olmalıdırlar. Əsl çovdar və ya tam dənlilik çörəyi sıx, bir qədər nəmli və ağır olur. Bəzən istehsalçılar adi ağ unu müxtəlif rəngləndiricilərlə (karamel, bəkməz, kofe və s.) tündləşdirərək “qara çörək” adı altında təqdim edirlər. Bu cür saxta çörəklər pəhriz xüsusiyyəti daşımır. Əsl qara çörək seçmək üçün tərkibində “çovdar unu” və ya “tam dənlilik un” qeydinin olmasına diqqət yetirmək vacibdir.
