Poveqliya adasının lənəti

Venesiyada taun xəstələrinin karantin mərkəzi olmuş məkanın gizlinləri
Faktum.az xəbər verir ki, İtaliyanın Venesiya laqununda yerləşən və turistlərin girişinə rəsmi olaraq qadağa qoyulan Poveqliya (Poveglia) adası, bu gün planetin ən qorxulu və mistik məkanlarından biri sayılır. İndi tamamilə tərk edilmiş bu kiçik quru parçası, əsrlər boyu baş vermiş kütləvi ölümlərin, dəhşətli tibbi eksperimentlərin və insan iztirablarının mərkəzi olub. Adanın qaranlıq şöhrəti o həddə çatıb ki, yerli balıqçılar belə torlarına insan sümüklərinin ilişməsindən qorxaraq Poveqliya sahillərinə yaxınlaşmırlar.
Adanın qanlı tarixi Roma imperiyası dövründən başlayır. Həmin dövrdə taun (qara ölüm) xəstəliyinə yoluxanlar digər insanları qorumaq üçün bu adaya sürgün edilir və burada ölümə tərk olunurdular. Eyni ssenari 14-cü əsrdə Avropanı cənginə alan böyük taun epidemiyası zamanı da təkrarlandı. Vəziyyət o qədər kritik idi ki, təkcə xəstələr deyil, ən kiçik simptomu olan şübhəli şəxslər belə zorla adaya gətirilir, diri-diri yandırılır və ya kütləvi məzarlıqlara atılırdılar. Tarixi təxminlərə görə, bu kiçik adada 160 mindən çox insan can verib. Bu gün adanın torpaq qatının təxminən 50%-nin yandırılmış insan cəsədlərinin külündən və sümüklərindən ibarət olduğu iddia edilir.
Poveqliyanın kabusu bununla da bitmədi. 1922-ci ildə adada yerləşən qədim binalar yenidən qurularaq psixiatriya xəstəxanasına çevrildi. Rəsmi sənədlərdə bura sadəcə qocalar evi kimi göstərilsə də, əslində ruhi xəstələrin saxlanıldığı qapalı bir mərkəz idi. Əfsanəyə görə, xəstəxananın baş həkimi adanın təcrid olunmuş vəziyyətindən istifadə edərək xəstələr üzərində heç bir anesteziya olmadan lobotomiya (beynin bir hissəsinin cərrahi yolla zədələnməsi) və digər qəddar neyrocərrahi eksperimentlər aparırdı. Sonradan həmin həkimin adadakı ruhları gördüyünü iddia edərək xəstəxananın zəng qülləsindən özünü ataraq intihar etdiyi deyilir. 1968-ci ildə xəstəxana rəsmən bağlandı və ada tamamilə sahibsiz qaldı. Müasir paranormal tədqiqatçıların və bura gizlicə daxil olan ekstremalların fikrincə, Poveqliya əsrlərin neqativ enerjisini özündə saxlayan və paranormal hadisələrin ən sıx yaşandığı canlı bir cəhənnəm maketidir.
