Özgə torpağından illərlə istifadə etmək mülkiyyət hüququ yaradırmı?

Faktum.az xəbər verir ki, daşınmaz əmlak və torpaq münasibətlərində ən çox qarşılaşlan və məhkəmə çəkişmələrinə səbəb olan məsələlərdən biri özgəsinə və ya bələdiyyəyə məxsus torpaq sahəsindən uzun illər istifadə edilməsi nəticəsində mülkiyyət hüququnun yaranıb-yaranmamasıdır. Mülki hüquq nəzəriyyəsində və Roma hüququndan gələn ənənədə bu anlayış “əldəetmə köhnəliyi” (və ya usucapio) adlanır. Bu prinsip başqasının daşınmaz əmlakına faktiki sahiblik edən, ondan fasiləsiz və vicdanlı şəkildə istifadə edən şəxsin müəyyən müddət keçdikdən sonra həmin əmlaka mülkiyyət hüququ əldə etmə imkanını nəzərdə tutur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və məhkəmə təcrübəsinə əsasən, faktiki sahiblik yalnız müəyyən hüquqi şərtlər çərçivəsində mülkiyyət hüququnun tanınmasına əsas ola bilər. Qanunvericiliyə görə, şəxs başqasına məxsus daşınmaz əmlaka azı 10 il ərzində vicdanlı, açıq və fasiləsiz olaraq öz əmlakı kimi sahiblik etdikdə, hüquqi qaydada həmin əmlaka mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət edə bilər. Lakin burada “vicdanlı sahiblik” faktı həlledici rola malikdir; yəni şəxs həmin torpağı qanunsuz zəbt etdiyini bilməməli və ya özünün zəbtçi olmadığını əsaslandırmalıdır. Özgəsinin xüsusi mülkiyyətində olan və ya bələdiyyə/dövlət fonduna aid torpaqların qanunsuz, özbaşına zəbt edilməsi halları isə iddia müddətindən asılı olmayaraq mülkiyyət hüququ yaratmır və qanunsuz tikililərin sökülməsi ilə nəticələnə bilər.
