Müxtəlif xalqlarda qonaq qarşılamağın maraqlı ritualları

Faktum.az xəbər verir ki, qonaq qarşılamaq və qonaqsevərlik bəşər tarixinin en qədim, ən ali sosial adətlərindən biridir. Lakin hər bir xalqın öz coğrafiyasına, dininə və tarixi köklərinə söykənən fərqli qonaq qarşılama ritulu, özünəməxsus etiket qaydaları var. Bir mədəniyyətdə böyük ehtiram və hörmət əlaməti sayılan bir davranış, başqa bir ölkədə təəccüblə və ya hətta incikliklə qarşılana bilər.
Müxtəlif xalqların əsrlər boyu qoruyub saxladığı ən maraqlı qonaq qarşılama adətləri arasında Yaponiyada həyata keçirilən çay mərasimi (Chanoyu) xüsusi yer tutur; yaponlar qonağı sakit, təmtəraqdan uzaq bir otaqda qarşılayır, hər bir hərəkətin dərin mənası olan bu ritualda qonağa tam daxil sakitlik və diqqət bəxş edirlər.
Hindistanda “Atithi Devo Bhava” (Qonaq Tanrının təcəssümüdür) fəlsəfəsi hökm sürür; burada evinə gələn qonağın alnına xüsusi “Tika” (qırmızı toz) çəkilir, boynuna gül çələngi taxılır və ayaqlarına su tökülərək ehtiram göstərilir. Ərəb və bədəvi mədəniyyətində qonağa dərhal ədviyyatlı ərəb qəhvəsi (Qahwa) və xurma təqdim olunur; qaydalara görə, fincanın sağ əllə alınması vacibdir və qonaq fincanı yüngülcə yelləmədikcə ev sahibi ona fasiləsiz qəhvə süzməyə devam edir.
Qazaxıstan, Qırğızıstan kimi Mərkəzi Asiya xalqlarında və Monqolustanda qonaq üçün ən qiymətli yemək – qoyun başı və ya xüsusi ət yeməkləri hazırlanır; ev sahibi qoyun qulağını evdəki uşaqlara, ən hörmətli hissələri isə birbaşa qonağa təqdim edir. Gürcüstanda qonaq “Tanrının göndərdiyi pay” hesab olunur və qonaqlıq saatlarla davam edən, “Tamada”nın rəhbərlik etdiyi zəngin süfrə, badə sözləri (Tost) və musiqilərlə müşayiət olunur.
Bizim doğma Azərbaycan mədəniyyətində isə qonaq qapıdan girən kimi süfrəyə ilk növbədə pürrəngi çay, mürəbbə və çərəzlər gətirilir; qonağın qabağına qoyulan duz-çörək və təndir çörəyi dostluğun, ehtiramın və səmimiyyətin ən ali rəmzi sayılır. Mütəxəssislər vurğulayırlar ki, formal qaydalar və dadlar dəyişsə də, bütün dünya xalqlarını birləşdirən ortaq dəyər qonağa göstərilən səmimi diqqət və ehtiramdır.
