Mehriban Əliyevanın uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verməsi alqışa layiqdir

Mehriban Əliyevanın valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. O, uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. Bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.
Onun uşaqlara xeyirxahlığını, mərhəmətini və sevgisini qızları Leyla və Arzu Əliyevalar da əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkmələri yeni ənənənin əsasını qoyub – hazırda ictimaiyyət, müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli Mehriban Əliyeva üçün prioritetdir. Azərbaycanın birinci xanımı ömürlərinin ilk anından zamanın sərt üzünə tuş gələn, dünyanın isti-soyuğundan xəbərsizkən atılan körpələrə ana qayğısı göstərməklə onların gözündə ucalır, ürəyində abidəyə dönür. Uşaq evində, valideyn himayəsindən uzaq böyümüş gənclərin toy mərasimlərini təşkil etməklə, bu şənliklərə qatılmaqla, gəncləri nəvazişlə bağrına basıb xeyir-dua verməklə, həm də onları dünyaya gətirib, həyatlarını min bir sual altında qoyan, talelərinə qənim kəsilən analara dərs verir…
Bir zamanlar uşaq evindəki balaca oğlan və qızların o qədər də yaxşı qidalanmaması, ailələrdə böyüyən atalı-analı yaşıdlarından geyim-kecimdə də geridə qalması hamıya məlum olan həqiqət idi. İndi bu uşaqların heç nəyə ehtiyacı yoxdur! Necə deyərlər, kefləri kök, damaqları çağdır. Bunun hamısı Mehriban Əliyevanın zəhməti, səyi nəticəsində olub. Ancaq uşağı çörəklə, ləziz nemətlərlə doydurmaq, əyin-başını düzəltmək hələ işin yarısıdır. Onun isti nəfəsə, qayğıya ehtiyacı daha çox olur. Hamımız Mehriban xanımın yetim, yaxud xəstə uşağı necə məhəbbətlə qucağına götürdüyünü, necə istəklə bağrına basdığını çox görmüşük! Bu, internatlarda və uşaq evlərində işləyən qadınlara bir nümunə, bizim hamımıza, bütün cəmiyyətə bir mesajdır.
Bu gözəl qəlb sahibinin və humanizm nümunəsinin bu gün doğum günüdür. Bu münasibətlə Onu şəxsən öz adımdan və rəhbərlik etdiyim ictimai birlik adından ürəkdən təbrik edir, Azərbaycanımızın rifahı naminə gördüyü işlərdə tükənməz enerji arzulayıram.

Mahirə Zahid qızı Əsədova
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri
