Lüks brendlərin satılmayan malları yandırmaq sirri

Niyə brendlər endirim etmək əvəzinə paltarları məhv edir?
Faktum.az xəbər verir ki, moda sənayesinin ən çox müzakirə olunan və tənqid edilən pərdəarxası məqamlarından biri lüks brendlərin mövsüm sonunda satılmayan geyim, çanta və aksesuarları endirimlə satmaq əvəzinə kütləvi şəkildə yandıraraq məhv etməsidir.
Bir çox məşhur moda evinin illərdir tətbiq etdiyi bu strategiyanın əsas səbəbi brendin nüfuzunu, eksklüzivliyini və prestijini qorumaqdır. Əgər yüksək qiymətə satılan məhsullar böyük endirimlərlə kütləvi bazara çıxarılarsa, brend öz alıcılıq dəyərini və “əlçatmazlıq” imicini itirə bilər. Eyni zamanda, satılmayan məhsulların imha edilməsi həmin əşyaların qara bazara düşməsinin və ya saxta versiyalarının dövriyyəyə girməsinin qarşısını almaq üçün bir təhlükəsizlik tədbiri kimi görülür.
Bununla yanaşı, bəzi ölkələrin gömrük və vergi qanunvericiliyinə əsasən, satılmamış malları imha etmək onları yenidən ixrac etməkdən və ya anbarda saxlamaqdan daha az xərc tələb edir. Lakin son illərdə ekoloji təşkilatların kəskin etirazları və ekoloji tullantıların azaltması tələbləri səbəbindən bir çox ölkə bu təcrübəni qanunla qadağan etməyə başlayıb və brendləri təkrar emal texnologiyalarına yönəlməyə məcbur edir.
