Erkən diaqnozun xilas etdiyi həyatlar

Qadın sağlamlığında Pap-test və HPV skrininqinin önəmi
Faktum.az xəbər verir ki, qadın sağlığının qorunmasında və xərçəng xəstəliklərinin vaxtında qarşısının alınmasında profilaktik ginekoloji müayinələr həlledici rol oynayır. Xüsusilə uşaqlıq boynu xərçəngi erkən mərhələdə heç bir simptom vermədən inkişaf edə biləcəyi üçün profilaktik skrining testləri bu patologiyanın hələ hüceyrə səviyyəsində — xərçəngönü dəyişikliklər mərhələsində aşkar edilməsinə şans yaradır.
Bu sahədə tətbiq olunan ən vacib müayinə üsulu yunan alimi Qiorqios Papanikolaunun şərəfinə adlandırılan Pap-test (Pap-smear) müayinəsidir. Prosedur zamanı uşaqlıq boynundan alınan yaxma nümunəsi mikroskop altında incələnərək anormal və ya potensial risk daşıyan hüceyrələr müəyyən edilir. Qadınlarda uşaqlıq boynu patologiyalarının 90 faizdən çoxunun əsas səbəbi İnsan Papilloma Virusu (HPV) olduğundan, müasir tibbdə Pap-test ilə bərabər HPV DNT testinin də birgə aparılması tövsiyə edilir.
Beynəlxalq protokollara əsasən, profilaktik müayinələrin veriləsi tezliyi yaş qruplarına görə tənzimlənir. 21–29 yaş aralığında olan qadınlara hər 3 ildən bir Pap-test analizi vermək yetərli hesab olunur. 30–65 yaş aralığındakı qadınlar üçün isə ən effektiv üsul hər 5 ildən bir Pap-test və HPV testinin birgə (ko-test) aparılması və ya hər 3 ildən bir yalnız Pap-test müayinəsindən keçilməsidir. Müntəzəm profilaktik müayinələr uşaqlıq boynu xərçəngini tamamilə önlənə bilən bir xəstəliyə çevirir.
