Elmin sirli boz zonası: Qadın və kişinin platonik dostluğu nə dərəcədə mümkündür?

Faktum.az xəbər verir ki, cəmiyyətdə və sosiologiyada əsrlərdir müzakirə olunan, kinoların və ədəbiyyatın ən populyar mövzularından biri olan qadın və kişi dostluğu, müasir psixologiya və neyrobiologiya elminin də ən maraqlı tədqiqat sahələrindən birinə çevrilib.
Bir tərəf bu münasibəti təmiz və səmimi yoldaşlıq hesab etdiyi halda, digər tərəf cinsi cazibənin bu dostluğun daxilində gizli bir taymer kimi işlədiyini iddia edir. Mövzu ilə bağlı keçirilən elmi araşdırmalar və psixoloji faktlar bu münasibətin pərdəarxası məqamlarını üzə çıxarır.
ABŞ-nin Viskonsin Universitetində aparılan genişmiqyaslı elmi tədqiqat çərçivəsində yaxın dost olan 88 cütlüyün ayrılıqda sorğulanması zamanı heyrətamiz fərqlilik ortaya çıxıb. Məlum olub ki, kişilər qadın dostlarına karşı romantik və ya cinsi cazibə hissini daha çox gizlədir və qarşı tərəfin də onlara karşı eyni hissləri bəslədiyini düşünməyə meyilli olurlar. Qadınlar isə dostluq münasibətlərində cinsi cazibəni kənara qoymağı və qarşı tərəfi yalnız dost kimi görməyi daha yaxşı bacarırlar.
Digər tərəfdən, psixoloqlar bildirirlər ki, əks cinsin nümayəndələri arasında uzunmüddətli dostluq zamanı beynin mükafatlanma sistemi aktivləşir. Birlikdə keyfiyyətli vaxt keçirmək, daxili sirləri bölüşmək və çətin günlərdə dəstək olmaq orqanizmdə bağlılıq hormonu olan oksitosin və həzz hormonu olan dopamin ifrazını artırır. Beyin bəzən bu dərin emosional bağlılığı romantik hisslərlə səhv salır və bu da dostluq sərhədlərinin bulanıqlaşmasına gətirib çıxarır.
Mütəxəssislərin rəyinə görə, qadınla kişinin dostluğunun sağlam və uzunömürlü olması üçün hər iki tərəfin münasibətin statusu haqqında dürüst olması, tərəflərin öz şəxsi romantik həyatlarının mövcudluğu və gizli gözləntilərin olmaması vacib şərtdir.
