Danimarkada 25 yaşında subay qalanlara darçın səpələmək adəti

Faktum.az xəbər verir ki, Danimarkada əsrlər boyu qorunub saxlanılan və bu gün də gənclər arasında əyləncəli ənənə kimi davam etdirilən qeyri-adi bir adət mövcuddur. Ölkədə 25 yaşına çatan, lakin hələ də evlənməyən gənclər doğum günlərində dostlarının təşkil etdiyi gözlənilməz və unudulmaz bir “darçın ritualı” ilə qarşılaşırlar. Bu adətə əsasən, subay gənc küçədə ağaca və ya dirəyə bağlanılır, üzərinə su püskürdüldükdən sonra başından aşağı bol miqdarda toz darçın tökülür. Ətrafdakı dostlar və ailə üzvləri bu anı musiqi, rəqs və gülüşlərlə qeyd edirlər.
Bu qəribə adətin kökləri XVI əsrə, Danimarkada ədviyyat ticarəti ilə məşğul olan gəzməyən tacirlərə — “Peppersvend” (istiot subayları) adlandırılan kişilərə dayanır. Həmin dövrdə ədviyyat satıcıları işləri ilə əlaqədar şəhərdən-şəhərə səyahət etdikləri və daimi yaşayış yerləri olmadığı üçün ailə qura bilmirdilər. Zamanla bu tarixi fakt xalq arasında yumoristik bir adətə çevrilərək günümüzə qədər gəlib çatmışdır.
Maraqlıdır ki, bu ritual yalnız 25 yaşla məhdudlaşmır. Əgər bir şəxs 30 yaşına qədər subay qalmağa davam edərsə, adətin dozası bir qədər də artırılır. 30 illik yubileyində həmin şəxs bu dəfə darçınla deyil, acı istiotla “mükafatlandırılır” və ona “Peppersvend” (kişilər üçün) və ya “Peppermø” (qadınlar üçün) titulu verilir. Danimarkalılar bu adəti heç bir sosial təzyiq kimi görmür, əksinə, gəncliyin, dostluğun və yumor hissinin göstəricisi olan rəngarəng bir ənənə kimi yaşadırlar.
