Çörək niyə bütün mədəniyyətlərdə müqəddəs sayılır?

Faktum.az xəbər verir ki, istər Şərq, istər Qərb, istərsə də qədim Amerika sivilizasiyaları olsun, çörək bəşəriyyət tarixində sadəcə bir qida maddəsi deyil, həyatın, bərəkətin və yaşamaq haqqının ən ali rəmzi hesab olunub. Yere düşən çörək tikəsini öpüb alına qoymaqdan tutum, müqavilələri çörək kəsərək bağlamağa və dini ayinlərin mərkəzinə yerləşdirməyə qədər bir çox ənənə bu unikal qidanın müqəddəsliyini göstərir.
Antropoloqlar və tarixçilər bildirirlər ki, çörəyin bu dərəcədə toxunulmaz və müqəddəs status alması bəşəriyyətin Neolit dövründən başlayan Böyük Keçidi -köçəri həyatdan oturaq əkinçilik cəmiyyətinə addımlaması ilə birbaşa bağlıdır. Bu vəziyyətin təməlində ilk növbədə yaşamla ölüm arasındakı incə xətt durur; qədim dövrlərdə buğda məhsulunun bol olması kütləvi acından xilas olmaq, qıtlıq isə bütün bir qəbilənin məhvi demək idi. Məhz buna görə də çörək bəşər şüurunda birbaşa “həyatın özü” kimi kodlaşdırılıb. Eyni zamanda çörəyin hazırlanması inanılmaz dərəcədə ağır fiziki əmək, səbir və zaman tələb edirdi – torpağın şumlanmasından, toxumun səpilməsindən, suvarılmasından tutmuş, taxılın biçilməsi, dəyirmanda üyüdülməsi və xəmirin yoğrulub bişirilməsinə qədər olan hər mərhələ insandan kollektiv zəhmət tələb edirdi.
İnsanlar zəhmətin bu cür ağır qiymətini gördükləri üçün çörəyi israf etməyi və ya ona hörmətsizlik etməyi alın tərinə və həyata xəyanət sayırdılar. Dini və mifoloji nöqteyi-nəzərdən də çörək unikal bir simvolizmə malikdir; dənin torpağa basdırılıb “ölməsi” və sonra cücərərək “yenidən doğulması” qədim dinlərdə dirilmə, fəsilələrin dövriyyəsi və ilahi bərəkətlə eyniləşdirilirdi. İslamda çörəyə “nemət” deyərək xüsusi hörmət göstərilməsi, Xristianlıqda isə son şam yeməyində İsa Məsihin çörəyi öz bədəni ilə simvolizə etməsi bu inancın fərqli mədəniyyətlərdəki təzahürləridir. Nəhayət, çörək sosial sülhün və dostluğun zəmanətçisi olub; bir süfrə arxasında çörəyi bölüşmək iki insan və ya qəbilə arasında düşmənçiliyə son qoymaq, qarşılıqlı etibar və sadəqət andı içmək demək idi. Mütəxəssislər vurğulayırlar ki, müasir dövrdə sənaye istehsalı çörəyi asan əldə edilən bir məhsula çevirsə də, insanlığın genetik yaddaşında çörəyə olan o dərin mistik ehtiram və hürmət hələ də öz köklü yerini qoruyub saxlayır.
