Bir dəfəlik kağız və plastik stəkanlarda qaynar içki təhlükəsi

Mikroplastiklər və kimyəvi sızmalar
Faktum.az xəbər verir ki, müasir şəhər həyatında, ofislərdə və küçə kafelərində bir dəfəlik kağız (kardon) və plastik (kapron) stəkanlarda qaynar çay və kofe içmək gündəlik adətə çevrilib. Lakin bu kütləvi vərdişin arxasında insan sağlığı üçün ciddi təhlükələr dayanır.
Bir çoxları “kağız stəkan” adlanan qabların ekoloji və zərərsiz olduğunu düşünsə də, reallıq tam fərqlidir. Kağızın suyu sızdırmamasının qarşısını almaq üçün bu stəkanların daxili divarları mikroskopik polietilen (PE) və ya plastik təbəqə ilə örtülür. Stəkana 80-100°C temperaturda qaynar su, çay və ya kofe töküldükdə həmin plastik örtük parçalanmağa başlayır. Elm adamlarının araşdırmalarına əsasən, cəmi 15 dəqiqə ərzində qaynar maye ilə təmasda olan tək bir kağız stəkandan içkiyə milyardlarla mikroplastik zərrəcik və milyonlarla toksik kimyəvi birləşmə sızır.
Plastik və kapron stəkanlarda isə vəziyyət daha təhlükəlidir. Yüksək temperaturun təsiri ilə plastikin tərkibindəki Bisfenol A (BPA), ftalatlar və ağır metallar birbaşa içkiyə keçir. Bu maddələr orqanizmə daxil olduqda hormon sistemini (xüsusilə endokrin sistemi) pozur, sonsuzluq, piylənmə, diabet və xərçəng hüceyrələrinin yaranma riskini artırır.
Bununla yanaşı, microplastiklərin qan dövranına keçərək daxili organlarda və damar divarlarında toplanması immun sistemini zəiflədir və xroniki iltihabi proseslərə yol açır.
Mütəxəssislər və həkimlər bildirirlər ki, sağlığı qorumağın en sadə yolu gündəlik həyatda şüşə, keramik və ya keyfiyyətli polad (paslanmaz) termos və stəkanlardan istifadə etməkdir. Qaynar içkiləri bir dəfəlik plastik və ya daxili örtüklü kağız qablardan içməmək uzunömürlülük üçün vacib şərtdir.
