Artıq onun adı çağdaş Azərbaycan tarixinə fenomen qadın lider kimi yazılmışdır

Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alır. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir.
Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bir daha xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının – Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə əzmkarlığı, çalışmaları sayəsində həyata keçirilir.
Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.
Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.
Vətəni, xalqı və dövləti naminə reallaşdırdığı bütün işləri sevərək həyata keçirməyin sivil örnəyi olan Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətində bol-bol uğurlar və sevinclər arzulayırıq.

Sabirabad Rayon Ailə Sağlamlıq Mərkəzinin kollektivi
