Ağdamın əvvəlki şöhrəti bərpa olunur

Ağdamın əvvəlki şöhrəti bərpa olunur.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin təntənəsi, milli iradənin və dövlətimizin qüdrətinin təcəssümü kimi xüsusi yer tutur. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi ilə xalqımızın 27 illik torpaq həsrətinə son qoyuldu. Uzun illər düşmən tapdağı altında qalan, dağıdılaraq xarabalığa çevrilən Ağdam bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq şəhərin simasında təkcə azadlığın deyil, həm də böyük quruculuğun, dirçəlişin və gələcəyə inamın mənzərəsi canlanır.
Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ağdamın əvvəlki şöhrətinin qaytarılması istiqamətində genişmiqyaslı işlər aparılır. Dövlətimizin diqqət və qayğısı ilə şəhərdə müasir infrastruktur yaradılır, yaşayış binaları, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa olunur. Qarabağın sənaye və mədəniyyət mərkəzlərindən biri olmuş Ağdamın yenidən ölkəmizin mühüm iqtisadi, sosial və mədəni məkanına çevrilməsi qarşıya qoyulan əsas hədəflərdəndir.
Ağdam Baş Plan əsasında bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulub, bunlardan 2-nin açılışı olub, digərlərin isə təməli qoyulub. Kəngərli, Xıdırlı, Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı olub. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı, Eyvazxanbəyli kəndlərinin təməli qoyulub.
Bu layihələr Böyük Qayıdışın real mənzərəsini formalaşdırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasına xidmət edir. Ağdamda yaradılan müasir yaşayış və sosial infrastruktur keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, rahat və layiqli qayıdışına geniş imkanlar açır. İllərlə Vətən həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi dövlətimizin qarşısında duran ən mühüm tarixi vəzifələrdən birinin ardıcıl şəkildə həyata keçirilməsidir.
Bu gün Ağdamın küçələrində yüksələn yeni binalar, salınan parklar, qurulan müəssisələr xalqımızın yenilməz ruhunun və quruculuq əzminin rəmzinə çevrilir. Bir zamanlar dağıntıları ilə düşmənin vandalizmini nümayiş etdirən Ağdam indi Azərbaycanın inkişaf modelini, güclü dövlət siyasətini və sarsılmaz milli birliyini dünyaya göstərir.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız azadlığımızın deyil, həm də yenidənqurmanın, dirçəlişin və tarixi qayıdışın bayramıdır. Əminliklə demək olar ki, Ağdam öz əvvəlki şöhrətini bərpa etməklə kifayətlənməyəcək, müasir Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Ağdam yenidən qurulur, Ağdam yenidən yaşayır və onun gələcəyi artıq azad Azərbaycanın parlaq inkişaf salnaməsində yazılır.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta ümumitəhsil məktəbinin müəllimi
