Haqqımızda Reklam Əlaqə
160×600
160×600

Ağdamın bərpası yalnız şəhərin mərkəzi ilə məhdudlaşmır

22 Noyabr 2026, 18:57 Cəmiyyət
728×90

Ağdamın bərpası yalnız şəhərin mərkəzi ilə məhdudlaşmır

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Bu sənəd şəhərin gələcək simasını, yaşayış məhəllələrinin, ictimai və sosial obyektlərin, yolların, istehsal müəssisələrinin, parkların və digər infrastruktur sahələrinin yerləşməsini müəyyənləşdirir. Baş Plana əsasən, Ağdamın müasir, rahat və insanların yaşayışı üçün əlverişli şəhərə çevrilməsi, gələcəkdə burada təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur.

Bu gün Ağdamın əvvəlki şöhrətinin bərpası istiqamətində görülən işlər şəhərin hər bir hissəsində özünü göstərir. Dağıdılmış ərazilərdə yeni binalar ucaldılır, yollar çəkilir, su, elektrik, qaz və digər kommunikasiya xətləri qurulur, yaşıllıq sahələri salınır. Şəhər müasir memarlıq üslubunda yenidən formalaşdırılır. Burada əsas məqsəd yalnız yeni binalar tikmək deyil, insanların rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı, istirahət edəcəyi və gələcək planlarını həyata keçirəcəyi müasir yaşayış mühiti yaratmaqdır.

Ağdam şəhərinin Baş Planına uyğun olaraq şəhərin özündə beş yaşayış məhəlləsinin salınması nəzərdə tutulub. Bu məhəllələrdə müasir yaşayış binaları, abad həyətlər, uşaq meydançaları, istirahət guşələri və gündəlik ehtiyacları qarşılamağa imkan verən sosial obyektlər yaradılır. Artıq həmin beş məhəllədən ikisinin açılışı olub, digər məhəllələrin isə təməli qoyulub. Bu, şəhərin yenidən qurulmasının real nəticələrindən xəbər verir. Hər yeni yaşayış binası, hər salınan küçə, hər qurulan infrastruktur obyekti Ağdamın həyata qayıdışının növbəti göstəricisidir.

Ağdamın bərpası yalnız şəhərin mərkəzi ilə məhdudlaşmır. Rayonun kəndlərində də geniş quruculuq işləri aparılır. Çünki Ağdamın əvvəlki həyatının tam bərpası üçün kəndlərin yenidən qurulması, kənd təsərrüfatının inkişaf etdirilməsi və keçmiş məcburi köçkünlərin doğma yaşayış məntəqələrinə qayıtması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq mühüm nəticələr əldə olunub. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələlərinin açılışı həyata keçirilib. Həmin kəndlərdə müasir yaşayış evləri, daxili yollar, kommunikasiya xətləri və insanların gündəlik ehtiyaclarını qarşılamaq üçün zəruri şərait yaradılıb. Uzun illər doğma yurdlarından uzaqda yaşayan sakinlərin yenidən öz kəndlərinə qayıtması bu torpaqlarda həyatın bərpa olunmasının ən sevindirici nəticələrindəndir.

Bununla yanaşı, Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərinin də təməli qoyulub. Bu yaşayış məntəqələrinin yenidən qurulması Ağdam rayonunun bütün ərazilərində həyatın tədricən bərpa olunmasına xidmət edir. Kəndlərin hər birində müasir yaşayış şəraitinin yaradılması, yolların və kommunal infrastrukturun qurulması, sosial obyektlərin istifadəyə verilməsi insanların doğma torpaqlarına qayıdışını asanlaşdıracaq.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 

728×90
Paylaş: