Ağdam tarixən zəngin mədəniyyətə, özünəməxsus adət-ənənələrə, tarixi abidələrə və geniş iqtisadi imkanlara malik bir diyar olub

Ağdam tarixən zəngin mədəniyyətə, özünəməxsus adət-ənənələrə, tarixi abidələrə və geniş iqtisadi imkanlara malik bir diyar olub
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız yaşayış məntəqələrinin yenidən qurulması, yolların çəkilməsi və sosial obyektlərin yaradılması ilə məhdudlaşmır. Bu ərazilərin iqtisadi potensialının üzə çıxarılması, sahibkarlığın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və turizm imkanlarının genişləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan Qarabağın mühüm mərkəzlərindən olan Ağdam rayonunda turizm infrastrukturunun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Ağdam tarixən zəngin mədəniyyətə, özünəməxsus adət-ənənələrə, tarixi abidələrə və geniş iqtisadi imkanlara malik bir diyar olub. Vaxtilə rayonun şəhər və kəndləri insanların sıx yaşadığı, ticarətin, kənd təsərrüfatının, sənətkarlığın və mədəni həyatın inkişaf etdiyi ərazilərdən hesab edilirdi. Ağdam həm də qonaqpərvər insanları, milli mətbəxi, musiqi ənənələri və özünəməxsus həyat tərzi ilə tanınırdı. Bu xüsusiyyətlər rayonun gələcəkdə turizm baxımından da mühüm potensiala malik olduğunu göstərir.
Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Ağdam uzun illər dağıntılara məruz qaldı. Şəhərin infrastrukturu, yaşayış evləri, mədəniyyət ocaqları və tarixi abidələri məhv edildi. Rayonun iqtisadi həyatı iflic vəziyyətinə düşdü, turizm və xidmət sahələrinin inkişafı üçün mövcud olan imkanlardan istifadə etmək mümkün olmadı. Ağdam sakinləri doğma torpaqlarından didərgin düşərək uzun illər yurd həsrəti ilə yaşamağa məcbur oldular.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Ağdamın işğaldan azad edilməsi rayonun inkişafı üçün yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan dövləti tərəfindən şəhərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi fəaliyyətin canlandırılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməyə başlandı. Bu layihələr sırasında turizm infrastrukturunun yaradılması da mühüm yer tutur.
Turizmin inkişafı hər bir bölgənin iqtisadi və sosial həyatına müsbət təsir göstərən sahələrdən biridir. Bu sahənin genişlənməsi yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına, xidmət sektorunun böyüməsinə, əhalinin gəlirlərinin artmasına və bölgənin tanıdılmasına şərait yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı həmin torpaqların iqtisadi dövriyyəyə qaytarılması baxımından böyük əhəmiyyət daşıyır.
Ağdamda turizm infrastrukturunun formalaşdırılması da məhz bu məqsədlərə xidmət edir. Görülən bərpa və yenidənqurma işləri çərçivəsində bölgədə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu layihələr rayonun turizm imkanlarının reallaşdırılması, yerli və xarici qonaqların qəbul edilməsi, eləcə də gələcəkdə turizm axınının artırılması üçün zəruri şərait yaradır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru
