Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq gələcəyə açılan mühüm qapıdır

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq gələcəyə açılan mühüm qapıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasətinin əsas istiqamətlərini, beynəlxalq əlaqələrə verdiyi əhəmiyyəti və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Müsahibədə diqqət çəkən əsas məqamlardan biri iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə oldu. Bu sənəd sadəcə diplomatik münasibətlərin növbəti mərhələsi deyil, həm də Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluğun daha geniş əməkdaşlığa çevrilməsinin göstəricisidir.
Azərbaycan və Vyetnamı birləşdirən münasibətlərin tarixi təxminən 70 ilə yaxındır. Bu dostluğun təməli 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. Sonrakı illərdə, xüsusilə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Vyetnama həyata keçirilən səfər əlaqələrin inkişafında mühüm rol oynayıb. Həmin səfər zamanı əldə olunan razılaşmalar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasını gücləndirib. Bu tarixi əlaqələr sonrakı dövrlərdə də davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana səfəri münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Sənəd iki ölkənin gələcək əməkdaşlığı üçün yeni istiqamətlər müəyyənləşdirir. Energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulan əsas istiqamətlərdəndir.
İki ölkə arasındakı münasibətlərin dəyəri yalnız siyasi və iqtisadi əməkdaşlıqla ölçülmür. Təhsil, mədəniyyət və humanitar sahələrdə görülən işlər də xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan universitetlərində təhsil almış minlərlə vyetnamlı mütəxəssis də iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verib. Müsahibədə bildirildiyi kimi, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Bu gün həmin ənənənin davam etdirilməsi üçün universitetlərarası əməkdaşlıq və təhsil proqramları yeni imkanlar yaradır. Mədəni əlaqələr də diqqətdən kənarda qalmır. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması, Vyetnam ədəbiyyatının ölkəmizdə tanıdılması xalqlar arasında mənəvi yaxınlığın güclənməsinə xidmət edir.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev
