Klinik psixoloq Nərmin Məmmədova: “Travma son deyil”

İnsanın özünə doğru daxili səyahəti: Emosional bağlar, daxili resurslar və psixoloji dayanıqlılıq…
Müasir dövrdə insanın daxili aləmini anlamaq, yaşadığı stresin və keçmişin izlərinin öhdəsindən gəlmək hər zamankindən daha aktualdır. Bəs daxili tarazlığı bərpa etmək, səssiz yorğunluqlardan qurtulmaq və həyata yeni prizmada baxmaq üçün haradan başlamalıyıq?
Faktum.az-ın növbəti həmsöhbəti peşəkar fəaliyyəti ilə seçilən klinik psixoloq və diplomatik mentor Nərmin Məmmədovadır. Nərmin xanımla psixologiya elminə gedən yoldan, klinik psixologiyanın incəliklərindən, uşaqlıq travmalarından, emosional asılılıqdan və cəmiyyətimizi düşündürən digər vacib psixoloji mövzulardan ətraflı söhbət etdik.

- İlk olaraq sizi yaxından tanıyaq. Özünüz haqqında danışardınız. Psixologiya sahəsinə gəlməyinizə nə səbəb oldu? Bu peşəni seçməyinizdə xüsusi bir hadisə və ya yaşantı rol oynayıbmı?
– Peşəkar fəaliyyətə başlamağım, ilk növbədə, daxili motivasiyam və özüm üçün müəyyənləşdirdiyim bir missiya ilə bağlı idi. İllər əvvəl diqqətimi xüsusilə Azərbaycanda valideyn-övlad münasibətlərinə, daha dəqiq desək, uşağın erkən yaş dövründə valideynləri ilə qurduğu emosional bağa yönəltmişdim. Hesab edirdim ki, insanın gələcək şəxsiyyətinin formalaşmasında, emosional dünyasında və bir çox psixoloji çətinliklərinin təməlində 0–7 yaş dövründə yaşadığı təcrübələr, xüsusilə də ana, ata və uşaq arasındakı münasibətlər mühüm rol oynayır. Məhz bu düşüncə ilə valideynləri maarifləndirməyə başladım. Uşaqlarla ev şəraitində, az vəsait sərf etməklə hansı yaradıcı oyunları təşkil etmək, karton və sadə materiallardan necə inkişafetdirici fəaliyyətlər hazırlamaq, onlarla necə düzgün ünsiyyət qurmaq və ən əsası, necə sağlam emosional bağ formalaşdırmaq barədə videolar çəkirdim. Bu məqsədlə sosial platformaların birində öz səhifəmi yaratdım və mütəmadi paylaşımlar etməyə başladım. Zamanla bu fəaliyyətim milli televiziya kanallarının və radio proqramlarının da diqqətini cəlb etdi. Müxtəlif verilişlərə dəvət almağa başladım və beləliklə, daha geniş auditoriyaya çıxış imkanım yarandı. Sonrakı mərhələdə fəaliyyətimi psixologiya istiqamətində genişləndirdim, akademik təhsilimi və elmi işimi klinik psixologiya yönündə davam etdirdim. Bu yola təxminən on il əvvəl başladım. Bu gün geriyə baxanda anlayıram ki, həmin qərar yalnız mənim peşəkar həyatımın deyil, həm də çoxsaylı insanların həyatına müsbət mənada toxunmağımın başlanğıcı olub. Və yaxşı ki, bu yola başlamışam.
- Klinik psixoloqun fəaliyyəti nədən ibarətdir? Klinik psixoloqla adi psixoloq arasında hansı fərqlər var?
– Klinik anamnez zamanı pasiyentin psixoloji vəziyyəti ilə yanaşı, tibbi keçmişi, qan analizləri, hormonal göstəriciləri, gündəlik həyat tərzi və davranış vərdişləri də nəzərə alınır. Eyni zamanda, zərurət olduqda, genetik anamnez araşdırılır, ana, ata və ikinci dərəcəli qohumlarda müşahidə edilmiş psixoloji və psixiatrik pozuntular haqqında məlumat toplanır. Klinik psixologiya daha mürəkkəbdir və burada psixopatoloji vəziyyətlərin qiymətləndirilməsinə və uzunmüddətli terapiya prosesinə fokuslanır. Bu sahədə klinik psixoloqların əsas əməkdaşlıq etdikləri mütəxəssislər psixiatrlardır. Xüsusilə ağır depressiya, şizofreniya, bipolyar pozuntu, şəxsiyyət pozuntuları, panik pozuntu, ağır OKP, asılılıqlar və suisidal risk hallarında psixiatrla paralel əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Belə pasiyentlərlə iş zamanı psixoterapiya, zəruri hallarda isə psixiatr tərəfindən təyin olunan medikamentoz müalicə paralel şəkildə aparıla bilər. Məqsəd pasiyentin vəziyyətini kompleks qiymətləndirmək, psixoloji funksionallığını bərpa etmək və davamlı yaxşılaşmanı təmin etməkdir.
- İnsanlar çox vaxt psixoloji problemlərini etiraf etməkdən çəkinirlər. Sizcə, cəmiyyətimizdə psixoloqa müraciət etmək hələ də niyə birmənalı qarşılanmır?
– Belə düşünən insanlar da var. Lakin son beş ildə, xüsusilə də peşəkar psixoloqlara münasibətdə cəmiyyətdə ciddi müsbət dəyişikliklər müşahidə olunur. Kişilərin psixoloqa müraciət faizi qadınlarla müqayisədə hələ də aşağı olsa da, bu müraciətlər kifayət qədər mövcuddur və kişilər terapiya prosesində davamlı iştirak edə bilirlər. Ümumilikdə isə psixoloji dəstək üçün müraciət edənlərin əksəriyyətini qadınlar təşkil edir. Psixoloqa müraciətə birmənalı yanaşılmamasının əsas səbəblərindən biri insanların psixoloji problemlərə münasibətidir. Bəzi insanlar düşünürlər ki, onların problemləri o qədər mürəkkəbdir ki, heç kim onları həll edə bilməz. Digərləri isə şəxsi problemlərini başqa biri ilə bölüşməyi zəiflik kimi qəbul edir və ya şəxsi həyatlarının məxfiliyinin pozulacağından narahat olurlar. Digər yandan ifşa olunmaqdan qorxurlar. Burada çox vacib bir məqamı vurğulamaq istəyirəm ki, psixoloji seansların əsas prinsiplərindən biri konfidensiallığın qorunmasıdır. Pasiyentin psixoloqla bölüşdüyü məlumatlar qanunvericilikdə nəzərdə tutulan istisnalar, o cümlədən ciddi təhlükəsizlik riskləri və qanuni açıqlama öhdəlikləri xaricində məxfi saxlanılır. Bəzən insan ən yaxın bildiyi şəxslərlə belə problemlərini bölüşür. Lakin gələcəkdə münasibətlər dəyişdikdə və ya münaqişə yarandıqda, vaxtilə bölüşdüyü məlumatlar onda diskomfort yarada bilər. Peşəkar psixoloqla münasibətdə isə əsas fərq məhz peşə etikası, məxfilik və mühakiməsiz yanaşmadır.
- İnsan hansı hallarda başa düşməlidir ki, artıq öz problemlərini təkbaşına həll edə bilmir və mütəxəssis dəstəyinə ehtiyacı var?
– Əgər insan iki həftədən artıq müddətdə anhedoniya vəziyyətindədirsə, yəni əvvəllər zövq aldığı heç nədən artıq zövq almırsa, sosial mühitdən uzaqlaşırsa, emosional donuqluq yaşayırsa və ya yataqdan qalxmaqda belə çətinlik çəkirsə, bu, artıq ciddi diqqət tələb edən psixoloji əlamətlərdir. Belə vəziyyət insanın emosional və fizioloji resurslarının tükəndiyinə işarə edə bilər. Eyni zamanda, təşviş və həyəcan insanın gündəlik həyatına ciddi təsir göstərdikdə, narahatlıq yaradan situasiyalarla qarşılaşarkən bədəndə müxtəlif fizioloji reaksiyalar meydana çıxa bilər: əl-ayağın titrəməsi, tərləmə, başgicəllənmə, ürəkbulanma, boğulma və ya ölüm qorxusu hissi. Bu simptomlar insanın gündəlik fəaliyyətini və sosial həyatını məhdudlaşdırmağa başlayırsa, mütəxəssisə müraciət etmək vacibdir. Digər tərəfdən, elə insanlar da var ki, daim problemlərini həll etdiklərini düşünürlər, lakin nəticədə yenə eyni döngünün içərisində qalırlar. Problemə yanaşmaları dəyişmədiyi üçün nəticə də dəyişmir. Bəzən insanın ehtiyac duyduğu şey sadəcə problemi həll etməyə çalışmaq deyil, onu həll etmək üçün yeni metod və düşüncə sistemini mənimsəməkdir. Bir psixoloq olaraq mənim üçün terapiya yalnız dinləməkdən ibarət deyil. Pasiyentə özünü daha yaxşı tanımaqla yanaşı, yeni davranış modelləri, düşüncə strategiyaları və həyat bacarıqları qazandırmaq da xüsusi əhəmiyyət daşıyır. İnanıram ki, hər bir peşəkar psixoloqun özünün zəngin metodoloji alətlər çantası olmalıdır. Bu çantada pasiyentin fərdi ehtiyaclarına, psixoloji vəziyyətinə və müraciət səbəbinə uyğun elmi əsaslı metodlar, terapevtik yanaşmalar və praktik alətlər yer almalıdır. Çünki hər pasiyent fərqlidir və terapiya prosesi də məhz həmin fərdiliyə uyğun qurulmalıdır.
- Bəzən insan zahirən xoşbəxt, uğurlu və gülərüz görünür, amma daxilində ciddi psixoloji mübarizə aparır. Belə insanları necə tanımaq olar?
– Bəzən elə insanlar olur ki, zahirən xoşbəxt, enerjili və gülərüz görünsələr də, daxillərində dərin kədər və emosional ağrı yaşayırlar. Bu vəziyyət bəzən güclü müdafiə mexanizmləri, emosiyaların gizlədilməsi və depressiv əlamətlərlə müşayiət oluna bilər. Belə insanlar çox vaxt anlaşılmayacaqlarını düşünür, uşaqlıqdan valideynləri ilə kifayət qədər sağlam emosional bağ qura bilmədikləri və ya öz emosional ehtiyaclarını daim təkbaşına qarşılamağa məcbur olduqları üçün hisslərini gizlətməyi öyrənirlər. Zamanla bu, bir növ emosional kamuflyaja çevrilir. Güclü görünmək, zəiflik nümayiş etdirməmək və sosial qınaqdan qorunmaq onların əsas müdafiə strategiyalarından birinə çevrilir. Lakin xüsusilə diqqət çəkən məqam budur ki, zahiri xoşbəxtlik insanın daxili psixoloji vəziyyətinin sağlam olduğunu göstərmir. Bəzi hallarda bu insanların ciddi depressiv vəziyyət yaşadığı, hətta suisidal düşüncələr daşıdığı belə yaxınları tərəfindən fərq edilməyə bilər. Təcrübədə xüsusilə ailəsi və sosial çevrəsi olduğu halda özünü tənha, anlaşılmamış və emosional olaraq dəstəksiz hiss edən insanlarda bu vəziyyətə rast gəlirik. Bəzən insan ətrafındakıların hər reaksiyasından sonra özünü günahlandırır, hisslərini ifadə etməkdən çəkinir və yaşadığı emosional yükü səssizcə daşımağa davam edir.
- Uşaqlıqda yaşanan travmalar insanın gələcək həyatına, ailə münasibətlərinə və özünəinamına nə dərəcədə təsir göstərir? Bu təsirlərdən xilas olmaq mümkündürmü?
– Travmanı sadələşdirərək iki istiqamətdə izah edə bilərik — fiziki və psixoloji (emosional) travmalar. Fiziki travmalara qəzalar, müharibələr, ağır xəstəliklər və insanın fiziki təhlükəsizliyini təhdid edən hadisələr daxildir. Psixoloji travmalar isə görülməmək, eşidilməmək, anlaşılmamaq, sevilməmək, dəyərsiz hiss etmək və emosional ehtiyacların qarşılanmaması kimi yaşantılarla əlaqəli ola bilər. Fiziki travmaların nəticələri üzərində konkret tibbi və psixoloji müdaxilələrlə işləmək mümkün olsa da, emosional travmalar, xüsusilə uşaqlıq dövründə yaşandıqda, insanın şəxsiyyətinin formalaşmasına, münasibətlərinə və davranış modellərinə uzunmüddətli təsir göstərə bilər. Bəzən insan uşaqlıqda yaşadığı hadisələri xatırlamır, lakin həmin təcrübələrin təsiri onun bugünkü reaksiyalarında özünü göstərə bilər. Məsələn, uşaqlıqda daim münaqişəli ailə mühitində böyüyən insan özü də münaqişəni sevmədiyi halda, stress anlarında valideynindən öyrəndiyi aqressiv davranış modelini təkrarlaya bilər. Amma burada vacib bir məqam var ki, insanın travmaya verdiyi reaksiya onun fərqindəlik səviyyəsi, öyrəndiyi davranış modelləri və dəyişməyə hazırlığı ilə də əlaqəlidir. Elə insanlar var ki, yaşadıqları travmanın fərqinə varır, bu davranışları özündə dəyişdirməyə çalışır və valideynlərindən gördüyü modeli davam etdirmək istəmir. Digər insanlar isə travmatik yaşantılarını həyatlarının mərkəzinə yerləşdirir, bütün emosional resurslarını keçmişdə yaşadıqları hadisələrlə mübarizəyə sərf edirlər. Mənim üçün burada əsas fikir budur: Travma insanın başına gələn hadisədir, lakin həmin hadisənin həyatının bütün istiqamətlərini müəyyən etməsi mütləq deyil. İnsan keçmişinin təsirlərini anlamağı, onlarla işləməyi və yeni davranış modelləri formalaşdırmağı öyrənə bilər.
- Son dövrlər insanlarda narahatlıq, qorxu, panik atak və depressiv hallar haqqında daha çox danışılır. Bunları adi stressdən necə fərqləndirmək olar?
– Son dövrlərdə depressiya, panik atak və digər psixoloji problemlərin daha çox müzakirə olunmasının səbəblərindən biri də informasiya axınının sürətlənməsidir. Bu gün dünyanın istənilən nöqtəsində baş verən hadisələr kameralar, sosial şəbəkələr və media vasitəsilə saniyələr ərzində gündəlik həyatımıza daxil olur. İstər müsbət, istərsə də mənfi hadisələrə davamlı şəkildə məruz qalırıq. Lakin insanların eyni hadisəyə verdiyi emosional reaksiyalar fərqlidir. Məsələn, kimsə xoşbəxt bir insanın həyatını izləyərək özündə olmayanlara görə kədərlənir, digəri isə həmin görüntüdən ilham alaraq düşünür: “Nə gözəldir, mən də həyatımda belə bir xoşbəxtlik yarada bilərəm”. Eyni şəkildə, mənfi hadisələri izləyən bir insan ümidsizliyə qapıla bilər, digəri isə bundan həyatın dəyərini, ehtiyatlı olmağın və sahib olduqlarına minnətdarlıq duymağın vacibliyini dərk edə bilər. Burada əsas məsələ hadisənin özündən daha çox, insanın onu necə mənalandırması, emosional dayanıqlılığı və psixoloji resurslarıdır. Bu mövzu yalnız ölkəmiz üçün deyil, bütövlükdə dünya üçün aktualdır. Psixoloqların, psixiatrların və digər mütəxəssislərin diqqətinin bu istiqamətə yönəlməsi də təsadüfi deyil. Cəmiyyətin gündəmində hansı problem daha çox yer alırsa, onun ətrafında müzakirələr və peşəkar müdaxilələrə ehtiyac da artır. Bəs bütün bunlardan sağalmaq mümkündürmü? Əlbəttə! İnsan psixoloji çətinliklərinin öhdəsindən gəlməyi, emosional dayanıqlılığını gücləndirməyi və yaşadığı təcrübələrə yeni məna verməyi öyrənə bilər. Hətta bir zamanlar travma kimi qəbul etdiyi yaşantılar üzərində düzgün psixoloji iş apardıqdan sonra onun şəxsi inkişafına, özünü daha dərindən tanımasına və həyatında əhəmiyyətli dəyişikliklər yaratmasına zəmin hazırlaya bilər.
- İnsan niyə bəzən ona zərər verən münasibətlərdən ayrıla bilmir? Sevgi, asılılıq və emosional bağlılıq arasındakı sərhədi necə müəyyən etmək olar?
– İnsan bəzən ona zərər verən münasibətlərdən və davranışlardan uzaqlaşa bilmir. Bunun əsas səbəblərindən biri emosional asılılıqdır. Bəs emosional asılılıq hansı insanlarda özünü göstərə bilər? Bu, mütləq iradəsi zəif olan insanlarla əlaqəli deyil. Hətta həyatda kifayət qədər uğurlu, güclü və müstəqil görünən insanlar da emosional baxımdan sağlam olmayan münasibətlərin içərisində ilişib qala bilərlər. Bunun səbəbi bəzən insanın keçmiş emosional yaşantılarında, xüsusilə uşaqlıq dövründə qarşılanmamış sevgi, diqqət, anlayış və qəbul edilmə ehtiyaclarında gizlənir. Məsələn, insan valideynlərindən birindən kifayət qədər sevgi, qayğı və emosional dəstək ala bilməyibsə, yetkinlik dövründə həmin ehtiyacları başqa bir münasibət vasitəsilə qarşılamağa çalışa bilər. Bəzən qarşısındakı insana olan bağlılığın arxasında məhz keçmişdən gələn qarşılanmamış emosional ehtiyaclar dayanır. Belə vəziyyətlərdə insanın münasibətdə qalmaq istəyi yalnız bugünkü partnyoruna olan sevgisi ilə izah olunmur. Bəzən o, fərqində olmadan uşaqlıqda ala bilmədiyi sevgini, təsdiqi və qəbul edilməni həmin insandan almağa çalışır. Yəni münasibətin mərkəzində bəzən bugünkü insan deyil, keçmişdən gələn emosional ehtiyaclarımız dayanır.
- Sosial şəbəkələr, başqalarının həyatı ilə öz həyatımızı müqayisə etmək, bəyənilmək və qəbul olunmaq istəyi psixoloji sağlamlığımıza necə təsir edir?
– Eyni hadisə hər insanda eyni psixoloji təsirə malik olmur. Daha doğrusu, insanların hadisələrə verdiyi emosional reaksiyalar fərdi xüsusiyyətlərindən, keçmiş təcrübələrindən və psixoloji dayanıqlılıqlarından asılı olaraq dəyişir. Sosial mediada gördüyümüz, bəzən real, bəzən isə idealizə edilmiş həyat görüntüləri də insanlarda müqayisə, yetərsizlik və dəyərsizlik hissləri yarada bilər. Lakin burada əsas məsələ gördüyümüz həyat deyil, həmin görüntünün bizdə hansı emosional reaksiyanı yaratmasıdır. Məsələn, psixoloji fərqindəliyi yüksək olan və terapiya prosesindən keçən insan belə bir paylaşımı gördükdə özünə fərqli suallar verə bilər: “Bu görüntü məndə hansı hissləri yaratdı? Əgər kədərləndimsə, bunun səbəbi nədir? Öz həyatımda hansı ehtiyacım qarşılanmır? Əgər ilhamlandımsa, mən də belə bir həyat qurmaq üçün hansı addımları ata bilərəm? Bu insanın təcrübəsindən və seçimlərindən nə öyrənə bilərəm?” Məhz burada emosional fərqindəlik və özünü müşahidə bacarığı ön plana çıxır. Mənim fikrimcə, hadisələrə verdiyimiz reaksiyalar psixoloji vəziyyətimiz və daxili ehtiyaclarımız haqqında bizə mühüm məlumatlar verir. Əgər başqasının paylaşımı, uğuru və ya həyat tərzi bizdə davamlı narahatlıq yaradırsa, diqqətimizi həmin insana yönəltməkdənsə, öz həyat keyfiyyətimizi, qarşılanmamış ehtiyaclarımızı və gözləntilərimizi araşdırmalıyıq.
- Sonda izləyicilərimizə nə demək istərdiniz? Daxili rahatlığını itirmiş, özünü dəyərsiz hiss edən və həyatında çıxış yolu görməyən insanlara tövsiyəniz nə olardı?
– Həyatında çıxış yolu görməyən insanlara tövsiyəm budur ki, heç bir insan daşıya bilməyəcəyi yükü öz üzərinə götürmür. Əgər bu hadisə sizin həyatınızda baş veribsə, deməli, onun öhdəsindən gəlmək üçün müəyyən fiziki, emosional və zehni resurslara sahibsiniz. Hər bir insanın yaşadığı hadisələr və onlara verdiyi reaksiyalar fərdi tutumundan asılıdır. Əgər bu vəziyyətlə qarşılaşırsınızsa, deməli, onun öhdəsindən gəlmək üçün bir yol tapa bilərsiniz. İstər dəstəklə, istərsə də öz gücünüzlə, gec-tez bu vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Çünki hər uğur və hər kədər insanın öz həyat təcrübəsi, emosional və psixoloji tutumu çərçivəsində mənalandırılır.
Klinik psixoloq Nərmin Məmmədova ilə olan bu dərin və maarifləndirici müsahibə bir daha sübut edir ki, insanın həyatında baş verən hər hansı psixoloji çətinlik və ya keçmiş travma son deyil; əksinə, düzgün fərqindəlik, peşəkar dəstək və daxili resurslarla hər bir fərd öz həyatını yenidən qurmaq gücünə malikdır.
Faktum.az redaksiyası olaraq Nərmin xanıma peşəkar fəaliyyətində, cəmiyyətin psixoloji sağlamlığının qorunması və maarifləndirilməsi istiqamətindəki nəcib işlərində tükənməz uğurlar arzulayırıq!
PRIME THERAPEUTIC CLUB
Sayt: www.psixoloqnarmin.com
Əlaqə: +994 55 960 02 28
