Kosmosun gizli memarı

Dünya kosmonavtika tarixinə möhür vuran azərbaycanlı general Kərim Kərimov
Faktum.az xəbər verir ki, 14 noyabr tarixində anadan olan və Sovet kosmik proqramının əsas banilərindən biri sayılan görkəmli azərbaycanlı alim, mühəndis və artilleriya general-leytenantı Kərim Kərimov dünya kosmonavtika tarixində bəşəriyyətin kainata açılan yolunun əsas memarlarından biri kimi tanınır.
1917-ci ildə Bakıda dünyaya göz açan və Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirən alim İkinci Dünya müharibəsi illərində məşhur “Katyuşa” raket qurğularının istehsalı və təkmilləşdirilməsi prosesində müstəsna rol oynayıb, müharibədən sonra isə raket texnologiyalarının kosmik tədqiqatlara yönəldilməsi sahəsində misilsiz xidmətlər göstərib. O, 1966-cı ildən etibarən düz 25 il ərzində SSRİ-də pilotlu kosmik gəmilərin sınaq uçuşları üzrə Dövlət Komissiyasının sədri vəzifəsini icra edərək, Yerin ilk süni peykindən tutmuş Yuri Qaqarinin tarixi uçuşuna, kosmik gəmilərin açıq kosmosda ilk dəfə avtomatik birləşməsindən “Salyut” və “Mir” orbital stansiyalarının yaradılmasına qədər bütün strateji layihələrə bilavasitə rəhbərlik edib. Öz fəaliyyətinin yüksək məxfilik dərəcəsinə görə adı və siması uzun illər boyunca dünya ictimaiyyətindən gizli saxlanılan, yalnız kosmonavtların uçuşdan əvvəl və sonra hesabat verdikləri “sirli general” kimi tanınan Kərim Kərimovun şəxsiyyəti yalnız 1987-ci ildə rəsmi olaraq açıqlanıb və onun dünya elminə verdiyi töhfələr müstəqil Azərbaycanın ali mükafatları ilə yanaşı bir çox nüfuzlu beynəlxalq təltiflərlə də əbədiləşdirilib.
