Qatili öz əlimizlə evimizə buraxırıq

Faktum.az xəbər verir ki, məişətdə qadınların sevə-sevə istifadə etdiyi teflon və non-stick (yapışmayan) qazan-tava dəstləri mətbəximizə məşhur “DuPont” şirkəti vasitəsilə daxil olub. PFOA (C-8) kimi tanınan bu maddə əvvəlcə hərbidə, daha sonra isə su və yağ keçirmədiyinə görə sənayedə istifadə edilməyə başlandı. Süni yolla əldə edilən bu kimyəvi birləşmə təbiətdə və insan orqanizmində çox çətinliklə həll olunur.
“DuPont” şirkəti PFOA-nın zəhərli olduğunu daha əvvəl laboratoriyalarda hamilə siçanlar üzərində yoxlamışdı. Buna baxmayaraq, maddənin təhlükəli olduğunu gizli saxlayaraq geniş şəkildə teflon istehsalına başladılar. Fabrikdə çalışan hamilə qadınlar anadangəlmə göz və burun qüsurları olan uşaqlar dünyaya gətirdilər, bir çoxunun isə hamiləliyi yarımçıq sonlandı.
Şirkət təkcə öz işçilərini deyil, həm də ətraf mühiti geniş ölçüdə çirkləndirdi. Zəhərli tullantılar sulara axıdıldı, qazlar havaya buraxıldı. Ohayó ştatının içməli su mənbələri və quyuları zəhərləndi. “DuPont” isə bunun heç bir ziyanı olmadığını iddia edərək milyonlarla dollar gəlir əldə etməyə davam etdi.
Nəhayət, 2005-ci ildə təhlükəni gizlətdiyinə görə şirkət 16,5 milyon dollar miqdarında cərimə olundu. Xərçəng, qaraciyər və digər ağır xəstəliklərə tutulmuş insanların müalicəsi üçün isə 670 milyon dollar təzminat ödədi. Bu hadisədən sonra “DuPont” teflon istehsalında böhran yaşadı.
2013-cü ildən etibarən məhsulun istehsalında ciddi dəyişikliklər baş verdi. Xərçəngə və bir çox qorxulu xəstəliyə yol açan PFOA beynəlxalq səviyyədə qadağan olundu. İlk olaraq “Tefal” markası başda olmaqla digər istehsalçılar da PFOA-nın istifadəsindən imtina etdilər.
Bu gün məişətdə istifadə etdiyimiz tefal qazan-tavalar 2013-cü ildən sonra tamamilə yeni mərhələyə qədəm qoydu. Lakin o vaxta qədər kimin mətbəxində köhnə nəsil tefal qazan-tava varırsa, evində əslində gizli qatil saxladığına əmin olsun.

Tərifə Şükürqızı
