Vətəninin müdafiəsinə “TAQUT” deyib, ərəbin hərəmxanasını qorumağa gedir
İslamı qorumaq adı altında yaranan dini təriqətlər İslamı nüfuzdan salmaq üçün sanki yarışa giriblər.
Bünövrəsi XVIII əsrin ortalarında Məhəmməd bin Əbdülvəhhab tərəfindən atılmış vəhhabilik təriqəti sonradan öz mövqeyini siyasətə qurban etdi. 1744-cü ildə Məhəmməd ibn Səud ilə gələcəkdə birinin hakimiyyətə gəlişinə dəstək, digərinin isə dini mövqeyini Ərəbistan üzərində genişləndirməsi naminə ittifaq yarandı.
Məhəmməd bin Səudun sülaləsini hakimiyyətə gətirən Böyük Britaniya 1915-ci ildə İslam dövləti olan Osmanlıya qarşı ittifaq axtarırdı. Axtardığı ittifaq vəhhabi təriqətinin dəstəkçisi Məhəmməd bin Səudun varisləri oldu. Sonra Amerika ilə isti münasibətlər, sazişlər və geniş əlaqələr yaradıldı. Bu minvalla vəhhabilik beynəlxalq səviyyədə genişləndi.
Bunları xatırlamaqla məqsədimizdən xeyli uzaq düşdüyümüzün fərqinə varıb geri dönürük. Ölkəmizdə geniş yayılmış bu radikal qrupun nümayəndələri bu dövlətdə yaşayıb, bu dövlətin suyunu içib, çörəyini yeyib, havasını udub öz ölkəsinə düşmən kəsilirlər.
Yaxın keçmişdə bu təriqətin nümayəndəsi ilə şəxsi olaraq apardığım söhbəti sizlərə təqdim edirəm. Fələstin–İsrail müharibəsi başlanan zaman bəhs etdiyim gənc: “Fələstinlilər bizim din qardaşımızdır, onlara köməyə getməyə borcluyuq”, – deyə başlayan cümlə qurdu.
Ona: “Elə isə nə üçün Qarabağ müharibəsinə getmədiniz? Ordudan fərarilik etmisiniz?” – sualını ünvanladım. Cavabı isə: “Biz tağuta xidmət etmirik. Bu dövlət tağutdur, burada din yoxdur”, – kimi özünəməxsus cahil cümlələrdən ibarət oldu. Təkrar olaraq ona: “Vətən olmasa, dininizi necə qoruya bilərsiniz?” – deyə sual verdikdə yenə eyni cavabla qarşılaşdım: “Öncə din”.
Bu, yalnız bir vəhabinin və ya sələfinin düşüncəsi deyil. O yolu tutanlar nəinki özlərini, ailələrini, uşaqlarını da bu bəlaya sürükləyirlər. Suriyada İŞİD-lə gedən qızğın vuruşmada özləri və qadınları məhv olub, uşaqları əldən-ələ sovrularkən “din uğrunda cihad etdik” deyən bu kütlə vətənin müdafiəsini “tağut” adlandırır.
Elə isə ən böyük tağut Amerikanın dəyənəyi ilə qalxıb-oturan, İslam dininin mərkəzi sayılan Səudiyyə Ərəbistanı deyilmi?

Tərifə Şükürqızı
