Tarixin eyni günündə doğulan iki qəhrəmanlıq dastanı

Faktum.az xəbər verir ki, təqvimdə elə tarixlər var ki, onlar sadəcə zamanın kəmiyyət göstəricisi deyil, xalqın milli qürur və fədaqarlıq xronikası kimi yaddaşlara həkk olunur. Oktyabrın 16-sı Azərbaycan xalqının mübarizə və zəfər tarixində məhz belə unikal günlərdəndir. Bu tarix Birinci Qarabağ Müharibəsində göstərdiyi misilsiz şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfəralı Məmmədov (1963–1992) və İkinci Qarabağ Müharibəsində tarixi zəfərimizə imza atan, Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarovun (1995–2020) doğum günüdür.

Fərqli illərdə, fərqli nəsillərin nümayəndələri kimi dünyaya göz açsalar da, hər iki qəhrəmanı birləşdirən ortaq dəyər – Vətən torpağının azadlığı uğrunda canlarından keçmək fədakarlığı olmuşdur. 1963-cü il oktyabrın 16-da Füzuli rayonunda anadan olan Səfəralı Məmmədov Daxili İşlər Organlarında xidmət edərək Qarabağda münaqişə alovlanarkən ön cəbhədə post-patrul xidmətinin təşkilində və kəndlərimizin müdafiəsində əvəzsiz rol oynamışdır. 1992-ci ilin fevralında Ağdamın Əsgəran ərazisində düşmənin puskusuna düşərkən son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucalmış və dövlətimiz tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ondan 32 il sonra, eyni gündə – 1995-ci il oktyabrın 16-da Masallı rayonunda dünyaya gələn Orxan Cabbarov isə Birinci Qarabağ müharibəsi şəhidlərinin yarımçıq qalmış arzularını tamamlayan nəslin parlaq nümayəndəsi idi. Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsində cəbhənin ən çətin istiqamətlərində – Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə əfsanəvi şücaətlər göstərmişdir. Şuşanın azad edilməsi əməliyyatında qəhrəmancasına şəhid olan Orxan Cabbarov, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilmişdir.
Səfəralı Məmmədovun müdafiə etdiyi və uğrunda şəhid olduğu o müqəddəs torpaqlar, illər sonra doğulduğu günün davamçısı olan Orxan Cabbarov və onun silahdaşları tərəfindən azad olundu. 16 Oktyabr tarixi bizə bir daha sübut edir ki, Azərbaycanın qəhrəmanlıq salnaməsi kəsilməz bir zəncirdir; bu gün də yetişən gənc nəsillər həmin ənənənin və yenilməz rəşadətin varisləridir.
