Zəfər Salnaməsi: Hadrutun İşğaldan Azad Olunması

Faktum.az xəbər verir ki, 9 oktyabr Azərbaycanın yaxın hərb tarixinin ən şərəfli və strateji dönüş nöqtələrindən biridir. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi rəsmən elan olundu.
Hadrut əməliyyatı 44 günlük Vətən müharibəsinin gedişində həm hərbi, həm də psixoloji baxımdan həlledici rol oynadı. Sıldırım dağlar və sıx meşəliklərlə əhatə olunmuş Hadrutun azad edilməsi gözlənilməz taktiki gedişlərlə, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yüksək peşəkarlığı sayəsində həyata keçirildi. Düşmənin möhkəmləndiyi istehkamlar yarıldı və düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edildi.
Hadrutun azad olunması Şuşa istiqamətində irəliləyən Azərbaycan Ordusu üçün strateji plasdarm yaratdı, düşmənin müdafiə xəttini tamamilə darmadağın etdi.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmuş vacib bir yaşayış məntəqəsinin azad edilməsi işğalçı Ermənistan ordusunun “keçilməz müdafiə” mifini kökündən sarsıtdı.
Ermənistan hərbi-siyasi rəhbərliyinin Hadrutun azad olunmasını günlərlə danmağa çalışması, lakin Azərbaycan bayrağının qəsəbədə dalğalanması ilə reallığın üzə çıxması düşmən cəbhəsində tam xaos və dezinformasiya iflası yaratdı.
Prezident İlham Əliyevin fərmanı ilə Hadrutun azad edilməsində rəşadət göstərmiş minlərlə hərbi qulluqçu “Hadrutun azad olunmasına görə” medalı ilə təltif edildi. Bu gün Hadrut sürətlə bərpa olunur, yenidən qurulur və öz doğma sakinlərinə qucaq açır. 9 oktyabr isə hərb tariximizə Qələbənin ən mühüm rəmzlərindən biri kimi həkk olunub.
Jalə Asiman
AJB-nin üzvü
