8 Oktyabr Tarixdə: Lev Tolstoyun İmtinasından İlk Qadın Həbsxanasına Qədər

Faktum.az xəbər verir ki, oktyabr ayının 8-i dünya tarixində bir sıra mühüm siyasi, sosial və ədəbi hadisələrlə yadda qalıb.
1873-cü ilin bu günündə ABŞ-ın İndiana ştatında ölkə tarixinin sırf qadınlar üçün nəzərdə tutulan və qadın heyəti tərəfindən idarə olunan ilk dövlət həbsxanası fəaliyyətə başlayıb. Bu hadisə penitensiar sistemdə qadın hüquqları və şəraitinin yaxşılaşdırılması istiqamətində addım kimi qiymətləndirilir.
1906-cı il oktyabrın 8-də isə ədəbiyyat dünyasında gözlənilməz bir hadisə baş verib. Məşhur rus yazıçısı Lev Tolstoy Nobel Ədəbiyyat Mükafatına namizəd göstərildiyini öyrəndikdə isveçli dostu Arvid Yernefə məktub yazaraq mükafatın ona verilməməsi üçün İsveç Akademiyasına vasitəçilik etməsini xahiş edib. Tolstoy pulun və şöhrətin insana ancaq şər gətirdiyini bildirərək mükafatdan namizədlik mərhələsindəcə imtina edib.
Siyasi və hərbi tarixdə də 8 oktyabr kritik dönüş nöqtələrindən biridir. 1912-ci ilin bu günündə Monteneqronun Osmanlı İmperiyasına müharibə elan etməsi ilə Birinci Balkan Müharibəsi başlayıb. 1962-ci ilin 8 oktyabrında isə uzun illər sürmüş azadlıq mübarizəsindən sonra müstəqillik qazanan Əlcəzair Birləşmiş Millətlər Təşkilatının (BMT) 109-cu tamhüquqlu üzvü olub.
