Maha Hari – Casus, yoxsa fahişə?

7 avqust 1876-cı ildə Hollandiyanın Leuvarden şəhərində anadan olub. 14 oktyabr 1917-ci ildə Fransada güllələnərək edam edilib.
Əsl adı Marqarita Qertruida Zelle olan bu qadın, hündür qaməti, ekzotik, açıq-saçıq rəqsləri ilə bütün Avropada məşhur idi. Rəqqasə və kortizanka kimi həyat sürən Marqarita, səhnə adını Mata Hari seçmişdi. Bu ad Malay dilində “səfərin gözü” (günəş) mənasını verir. O, özü haqqında həqiqətdən kənar hekayələr uydurmaqla ətrafında müəmma yaratmağa çalışırdı. Hindistanda müqəddəs məbəddə böyüdüyünü və şərq rəqslərini orada öyrəndiyini yayaraq özünə qarşı marağı gücləndirməyi bacarırdı. Əslində isə həyatı tamamilə fərqli idi.
Mata Hari I Dünya Müharibəsi dövründə Avropanın bir sıra ölkələrinə səyahətlər edir, müxtəlif kateqoriyadan olan kişilərlə münasibət yaşayırdı. 1915-ci ildə Almaniyanın Amsterdamdakı konsulu Karl Kroner ilə görüşü zamanı Karl ona Almaniyanın casusu olması müqabilində pul təklif edir. Mata Hari təklifi qəbul edir və Almaniya tərəfindən “H-21” kodlu casus olaraq qeydə alınır.
1916-cı ildə isə Fransa kəşfiyyatçısı Corc Laduks ona Fransa dövləti üçün casusluq etməyi təklif edir. Mata Hari Fransanın da təklifini qəbul edir. Beləliklə, həm Almaniya, həm də Fransa tərəfindən casusluq əlaqələrinə daxil olur. Lakin heç bir dövlət üçün əhəmiyyətli məlumatlar ötürmür.
Bəs Mata Harinin ikili casus olduğu necə ortaya çıxdı?
Fransa Almaniyadan gələn şifrəli kodları tuturdu. Məlumatlar arasında “H-21” kod adından bəhs olunurdu. Fransa kəşfiyyatı həmin kodun Mata Hari olduğunu müəyyən etdi.
13 fevral 1917-ci ildə casusluq ittihamı ilə Parisdə həbs edildi. İstintaq zamanı Almaniya tərəfindən pul aldığını, “H-21” kod adının ona məxsus olduğunu etiraf etdi. 25 iyul 1917-ci ildə Fransa dövləti barəsində güllələnərək edam olunması hökmünü verdi. Mata Hari Fransa prezidenti Raymond Puankareyə əfv məktubu göndərdi, lakin məktubu rədd edildi.
Mata Harinin ölüm hökmü 14 oktyabr 1917-ci ildə yerinə yetirildi. 41 yaşında həyatı sona çatan rəqqasənin cəsədinə kimsə sahib çıxmadı, ailə üzvləri cəsədi tələb etmədi. Cəsəd Parisdə tibb fakültəsinə tədris vəsaiti kimi verildi. Mata Hari həyatını qədim peşəyə həsr etmiş qadın idi. Borcları səbəbilə qəbul etdiyi pul və casusluq təklifi onun sonunu gətirdi.
Atalarımızın bu deyimi burada yerinə düşür: “Baş girməyən yerə bədəni soxmazlar”, əks halda başından olarsan.

Tərifə Şükürqızı
