Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərləri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xankəndinə səfərləri
Xankəndi bu gün Qarabağda gedən böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir. Şəhərin küçələrində yenidən həyat canlanır, təhsil və mədəniyyət ocaqları fəaliyyətə başlayır, yeni layihələr həyata keçirilir. Prezident İlham Əliyevin Xankəndiyə etdiyi səfərlər zamanı şəhərin gələcəyi ilə bağlı mühüm addımlar atılıb. Prezident İlham Əliyevin Xankəndiyə ilk mühüm səfərlərindən biri 2023-cü il oktyabrın 15-də baş tutub. Həmin gün dövlət başçısı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Prezident şəhərin Kərkicahan qəsəbəsinə də baxış keçirib. Bu səfər Xankəndinin yeni tarixində mühüm hadisələrdən biri kimi yadda qalıb. Bir neçə həftə sonra, noyabrın 8-də Xankəndidə Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Bununla Xankəndi şəhəri Azərbaycanın Zəfər tarixinin mühüm məkanlarından birinə çevrilib.
2023-cü il dekabrın 21-də Prezident İlham Əliyev Xankəndi stadionunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun futbol matçını izləyib. Bu görüşün xüsusi mənası var idi. Uzun fasilədən sonra Xankəndidə futbol oyununun keçirilməsi şəhərdə idman həyatının da yenidən canlandığını göstərirdi. 2024-cü ilin martında isə Xankəndidə Novruz bayramı qeyd olunub. Prezident İlham Əliyev şəhərdə Novruz tonqalını alovlandırıb. Doğma Qarabağda Novruzun qeyd edilməsi şəhərin həyatında yeni və yaddaqalan hadisələrdən biri olub. Xankəndinin gələcəyində təhsilə xüsusi yer ayrılır. 2024-cü ilin iyulunda Prezident İlham Əliyev Qarabağ Universitetində görülən işlərlə tanış olub. Həmin səfər zamanı şəhərdə “Qarabağ” hotelinin açılışı keçirilib, Xankəndi Konqres Mərkəzinin təməli qoyulub və “Palace” hotelinin açılışı olub.
2024-cü il sentyabrın 19-20-də Xankəndidə bir sıra mühüm obyektlərin açılışı keçirilib. Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçası və digər obyektlər istifadəyə verilib. Sentyabrın 20-də isə Qarabağ Universitetinin açılışı və tələbə yataqxanasının istifadəyə verilməsi Xankəndinin təhsil şəhərinə çevrilməsi istiqamətində mühüm addım olub.
2025-ci ilin iyulunda Prezident İlham Əliyevin Xankəndiyə növbəti səfəri zamanı şəhərdə bir sıra mühüm layihələrin təməli qoyulub və yeni obyektlər istifadəyə verilib. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub, “Xankəndi” Biznes Mərkəzi və Xankəndi Konqres Mərkəzi açılıb. Həmin günlərdə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi də şəhərin beynəlxalq tədbirlər üçün yeni məkana çevrildiyini göstərib. 2025-ci ilin dekabrında Xankəndidə daha bir mühüm mərhələ yaşanıb. Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində olub, burada məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edib və qəsəbəyə köçən sakinlərlə görüşüb. Eyni səfər zamanı Qarabağ Universitetinin yeni tədris binaları ilə bağlı layihələr həyata keçirilib, şəhərdə yeni elektrik yarımstansiyası istifadəyə verilib və Zəfər parkı açılıb.
Bütün bunlar göstərir ki, Xankəndidə görülən işlər yalnız şəhərin yenidən qurulması ilə məhdudlaşmır. Burada təhsil, idman, mədəniyyət, turizm, biznes və nəqliyyat sahələrinin inkişafı üçün də şərait yaradılır. Xankəndidə həyatın bərpası insanların doğma şəhərlərinə qayıtması ilə daha da genişlənir. Məktəblərin, universitetin, yaşayış və xidmət obyektlərinin fəaliyyətə başlaması şəhərin gündəlik həyatını canlandırır. Bu gün Xankəndi yenidən qurulan, təhsil alan gənclərin, işləyən insanların və qayıdan ailələrin şəhərinə çevrilir. Şəhərdə aparılan işlər onun gələcəkdə Qarabağın mühüm inzibati, təhsil, mədəniyyət və iqtisadi mərkəzlərindən biri kimi inkişaf etməsi üçün əsas yaradır.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova
