Dünya elmində iz qoyan şərqşünas alim: Məhəmməd Ağaoğlu

Faktum.az xəbər verir ki, avqustun 24-ü dünyada İslam incəsənəti və Şərq mədəniyyətinin ilk professional azərbaycanlı tədqiqatçılarından biri, filologiya elmləri doktoru, professor Məhəmməd Ağaoğlunun (Mehmet Ağa-Oğlu) doğum günüdür.
1896-cı ildə İrəvanda ziyalı ailəsində dünyaya göz açan bu dahi alim zəngin təhsili, dərin fəlsəfi təfəkkürü və beynəlxalq aləmdəki elmi nailiyyətləri ilə Azərbaycan adını dünya elm xəritəsinə həkk etmişdir.
Moskva, İstanbul və Vyana universitetlərində elmi dərəcələrə yiyələnən Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni quruculuq işlərində fəal iştirak etmişdir. Cümhuriyyətin süqutundan sonra xaricdə fəaliyyətini davam etdirərək İstanbul Muzeyində, daha sonra isə Amerika Birləşmiş Ştatlarında Detroyt İncəsənət İnstitutunda və Miçiqan Universitetində İslam incəsənəti kafedrasının rəhbəri kimi müstəsna xidmətlər göstərmişdir. O, ABŞ-da İslam incəsənəti üzrə ilk professor kimi tarixə düşmüş və dünyaca məşhur “Ars Islamica” elmi jurnalını təsis edərək Şərq mədəniyyətinin Qərbdə tanınmasında misilsiz rol oynamışdır.
Ərəb, fars, ingilis, alman, fransız, rus və klassik dilləri mükəmməl bilən Məhəmməd Ağaoğlunun zəngin elmi irsi, İslam miniatür sənəti və memarlığına dair fundamental əsərləri bu gün də beynəlxalq şərqşünaslıq məktəbinin ən dəyərli mənbələrindən hesab olunur. Vətəndən uzaqda ömür sürsə də, hər zaman milli köklərinə bağlı qalan böyük alimin əziz xatirəsi xalqımızın elmi və mədəniyyət tarixində böyük ehtiramla anılır.
