Evlilik müqaviləsi ilə bağlı vacib məqamlar açıqlandı – VİDEO

Faktum.az xəbər verir ki, son illərdə nikah bağlayan tərəflər arasında hüquqi maarifləndirmənin artması ilə yanaşı, mülkiyyət münasibətlərinin tənzimlənməsində evlilik müqaviləsi (nikah müqaviləsi) anlayışı xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan və ya ər-arvadın nikahda olduqları dövrdə, eləcə də nikah pozulduqda onların əmlak hüquqlarını və vəzifələrini müəyyən edən rəsmi sazişdir. Ailə hüququ üzrə mütəxəssislər bu müqavilənin tərəflərin gələcəkdə yarana biləcək mülkiyyət mübahisələrindən sığortalanması üçün ən etibarlı hüquqi mexanizm olduğunu bildirirlər.
Nikah müqaviləsi hem nikahın dövlət qeydiyyatına alınmasınadək, həm də nikahda olunan istənilən dövrdə bağlana bilər və mütləq yazılı formada tərtib olunaraq notarial qaydada təsdiq edilməlidir. Notarial təsdiqi olmayan şifahi və ya adi yazılı razılaşmalar hüquqi qüvvəyə malik deyildir və nikahdan əvvəl bağlanan müqavilə yalnız nikah rəsmi qeydə alındıqdan sonra qüvvəyə minir. Müqavilə vasitəsilə ər-arvad birgə nikah dövründə əldə ediləcək, eləcə də artıq mövcud olan əmlak üzərində birgə, paylı və ya xüsusi mülkiyyət rejimini müəyyən edə bilərlər. Sənəddə tərəflərin bir-birinin gəlirlərində iştirakı, ailə xərclərinin çəkilməsi qaydası, nikah pozulduqda hər birinə verilməli olan əmlakın həcmi və saxlanma xərcləri dəqiq əks oluna bilər. Lakin qanunvericiliyə görə, nikah müqaviləsi şəxsi qeyri-əmlak münasibətlərini, məsələn, tərəflərin bir-birinə sədaqət öhdəliyini və ya uşaqlara münasibətdə hüquq və vəzifələri tənzimləyə bilməz. Eyni zamanda, tərəflərdən birinin hüquq və azadlıqlarını kəskin şəkildə məhdudlaşdıran, onu son dərəcə əlverişsiz vəziyyətə salan və ya aliment almaq hüququnu ləğv edən şərtlərin müqaviləyə daxil edilməsinə yol verilmir.
Evlilik müqaviləsi tərəflər arasında inamsızlıq göstəricisi deyil, əksinə, gələcək münasibətlərin şəffaf, sivil və hüquqi müstəvidə qurulmasının təminatıdır. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə istənilən vaxt dəyişdirilə və ya ləğv edilə bilər və əgər müqavilə şərtləri tərəflərdən birini tamamilə mülkiyyətdən məhrum edərsə, həmin şəxs məhkəməyə müraciət edərək müqavilənin tam və ya qismən etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
